​TAP İtaliyada sahil məntəqəsinin tikintisinə dair tender elan edib

​TAP İtaliyada sahil məntəqəsinin tikintisinə dair tender elan edib Ərizələrin son təqdim olunma tarixi 7 apreldir
Energetika
26 Mart , 2015 10:32
​TAP İtaliyada sahil məntəqəsinin tikintisinə dair tender elan edib

Bakı. REPORT.AZ/ Transadriatik borukəməri layihəsinin (TAP) işlənməsi üzrə konsorsiumu İtaliyada borukəmərinin qəbul terminalı və sahil məntəqəsinin tikintisinə dair tender elan edib. Bu barədə "Report"a konsorsiumdan daxil olan məlumatda bildirilib.

Layihənin bu hissəsi ilə bağlı tender iki lotdan ibarət olacaq. Buraya layihələndirmə, satış, qəbul terminalının tikintisi, habelə, borukəmərinin təxminən 8 km uzunluğunda, 36 dyüm diametrə malik yüksəktəzyiqli sahəsinin layihələndirilməsi, satış və tikinti işləri daxildir.

Terminala TAP-ın nəzarət mərkəzinin müşahidəsi altında borukəmərinin dəniz hissəsindən qaz daxil olacaq. Terminal ətraf landşafta inteqrasiya olunacaq və "Snam Rete Gas" şəbəkəsinə birləşdiriləcək.

Tenderdə iştirak etmək üçün ərizələrin son təqdim olunma tarixi 7 apreldir. Seçimdən sonra TAP konsorsiumu tenderdə iştirak etmək üçün müvafiq şirkətələrə aprelin 22-də dəvətnamə göndərəcək.

Qeyd edək ki, Azərbaycan qazını Qərbi Avropaya nəql edəcək TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır.

TAP-ın səhmdarları: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%).

Son xəbərlər

Orphus sistemi