SOCAR və IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradır

SOCAR və IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradır Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və IBM birgə müəssisələri olan “Caspian Innovation Centre” (CIC) MMC vasitəsilə quyuların layihələndirilməsi üzrə süni zəka texnologiyası əsasında prototip alətin yaradıldığını bəyan ediblər.
Energetika
31 May , 2019 15:10
SOCAR və IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradır
Report / Elchin Murad

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və IBM birgə müəssisələri olan “Caspian Innovation Centre” (CIC) MMC vasitəsilə quyuların layihələndirilməsi üzrə süni zəka texnologiyası əsasında prototip alətin yaradıldığını bəyan ediblər.

"Report" xəbər verir ki, qazılacaq quyuların planlaşdırılması üçün yaradılan qabaqcıl texnologiya mühəndislik prinsipləri, quyuların layihələndirilməsi üzrə metodologiya və təcrübəni, habelə mürəkkəb məlumat bazasından istifadə edərək mühəndislərə tez və effektiv şəkildə bir neçə konseptual quyu konstruksiyası yaratmağa, həmçinin layihələrin xərcləri və vaxtını planlaşdırmağa, əsas göstəriciləri ölçməyə və riskləri müəyyənləşdirməyə imkan verəcək. “Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Belə bir prosedur yalnız insan tərəfindən yerinə yetiriləndə bir aydan çox vaxt tələb edir. Yeni texnologiyanın əsas xüsusiyyəti bunda ibarətdir ki, süni zəkaya əsaslanan təhlilləri artıq quyunun planlaması mərhələsində tətbiq edir.

Neft-qaz sənayesində istifadə olunan süni zəkanın bir hissəsi ilk dəfə “Woodside” şirkəti tərəfindən tətbiq olunub və CIC-nin işləyib hazırladığı quyuların planlama prototipinin təməlində dayanır. Bu texnologiya quyuların layihələndirilməsi zamanı bir neçə süni zəka mühərrikinin tətbiqi vasitəsi ilə müxtəlif risklərin müəyyənləşdirilməsinə imkan verir. 

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov layihəni təqdim edərək süni zəka əsasında quyuların planlama prototipinin təşəbbüskarı olan SOCAR-ın Qazma şöbəsi və IBM-in texnologiya və məlumatların təhlili üzrə mütəxəssislərinə təşəkkür edib: "2018-ci ilin noyabrında bu təşəbbüsə start verildiyi zaman mən tam əmin idim ki, bu əməkdaşlıq nəticəsində, 2019-cu ilin fevralında Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) konfransına real bir layihə təqdim edəcəyik. Amma həmkarlarım bundan da tez, artıq iki ay sonra -yanvar ayında “Aliyə”ni mənə təqdim edəndə heyrətə gəldim. Bu, kiçik bir addım olsa da, bütün sənaye üzrə quyuların layihələndirilməsi və məlumatların idarə olunması sahəsində qarşımızda nəhəng imkanlar açır. Sevindirici haldır ki, dünyada ilk neft quyusunun qazılmasından 170 il və “Neft Daşları” kimi əfsanəvi dəniz yatağında dünyanın ilk ofşor quyusunun qazılmasından 70 il ötəndən sonra, Azərbaycanın belə bir zəngin tarixi irsə malik olan milli brendi SOCAR dünyanın aparıcı şirkətlərindən biri olan IBM ilə birlikdə bu cür mütərəqqi texnologiyanı yaratmaqla neft-qaz sənayesinə daha bir töhfə verdi”. 

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, IBM ilə birlikdə biz yeni və maraqlı bir dövrün astanasındayıq: "Əməkdaşlığımız SOCAR-ın milli neft-qaz hasilatçısı kimi öz dəyərini artırmaq missiyasında misilsiz rol oynaycaqdır. “Aliyə” əməliyyatlarımızın tammiqyaslı rəqəmsallaşmasına doğru atılan ilk addımdır. Biz neft-qaz sənayesinin bütün sahələrində apardığımız əməliyyatların rəqəmsallaşması üçün CIC ilə birlikdə, parallel olaraq, bir neçə layihə üzərində işləyirik. “Sənaye 4.0” artıq korporativ strategiyamızın zəruri və ayrılmaz tərkib hissəsinə çevrilmişdir. SOCAR kimi aparıcı şirkətlərin gələcək uğuru məhz süni zəka kimi müasir hesablama və məlumatların təhlili texnologiyalarının zamanında tətbiq etməsi ilə bağlıdır”. 

SOCAR və IBM gələcəkdə “İnnovativ Qaraj” layihəsi çərçivəsində yerin və dənizin təkində aparılan kəşfiyyat-hasilat əməliyyatlarında, quyularda, satınalma və təchizat zəncirinin idarə olunmasında və SOCAR-ın bir çox digər əməliyyat sahələrində süni zəka texnologiyasının tətbiqini və şirkətin mövcud rəqəmsallaşma strategiyası ilə uzlaşdırılmasını planlaşdırırlar. 

IBM süni zəkaya əsaslanan “bulud” platforması vasitəsilə ilkin quyu planlanması prototipinin yaradılmasından məmnunluğunu ifadə edib, CIC birgə müəssisəsi çərçivəsində SOCAR ilə əməkdaşlığını dərinləşdirmək və neft-qaz sənayesinin bütün dəyər zənciri üzrə süni zəka texnologiyasını tətbiq etmək niyyətində olduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi