​SOCAR-ın Ekologiya İdarəsi qəza baş vermiş özülün ətrafında vizual müşahidələr aparıb

​SOCAR-ın Ekologiya İdarəsi qəza baş vermiş özülün ətrafında vizual müşahidələr aparıb Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilib
Energetika
12 İyul , 2016 13:10
​SOCAR-ın Ekologiya İdarəsi qəza baş vermiş özülün ətrafında vizual müşahidələr aparıb

Bakı. 12 iyul. REPORT.AZ/Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən Ekologiya İdarəsi Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqləri davam etdirib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu məqsədlə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən iyun ayının sonunda “28 May” NQÇİ-nin istismarında olan “Günəşli” yatağında “Məmməd Süleymanov” gəmisi vasitəsi ilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib. Monitorinqlər zamanı 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza rayonunda - 10 saylı dərin dəniz özülü ətrafında vizual müşahidələr aparılıb və layihə üzrə seçilmiş hər bir stansiyada Niskin tipli batometr vasitəsilə su nümunələri götürülüb. Gəminin laboratoriyasında “Professional Plus” çoxrejimli analitik cihazla su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olub. Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilib. Bundan başqa, “Van Veen” dibcarpanı vasitəsi ilə bioloji tədqiqatlıar üçün dəniz dibindən çöküntülər, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, tədqiqat gəmisinin laboratoriyasında emal edilib, qablaşdırılıb və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.

Ekoloji monitorinq işləri SOCAR-ın digər dəniz yataqlarında davam etdirilir.

Son xəbərlər

Orphus sistemi