Bakı. 1 iyul. REPORT.AZ/ İyulun 1-də İmişli rayonunun Qaraqaşlı kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümumilikdə, 305 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 30 408 metrlik müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.