Energetika Nazirliyi və EBRD arasında niyyət protokolu imzalanıb

Energetika Nazirliyi və EBRD arasında niyyət protokolu imzalanıb Sənəd kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə əməkdaşlıq barədədir
Energetika
8 Sentyabr , 2017 17:55
Energetika Nazirliyi və EBRD arasında niyyət protokolu imzalanıb
Minenergy.gov.az

Bakı. 8 sentyabr. REPORT.AZ/ Energetika Nazirliyində, nazir müavini Gülməmməd Cavadovla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir müavini, “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə məlumat verərək bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv şəkildə tənzimlənməsini əlaqələndirmək üçün mərkəzi orqanın yaradılmasıdır. 

“Enerji üzrə müstəqil tənzimləyici orqanın təsis edilməsi ilə bağlı Avropa təcrübəsindən yararlanmağa ehtiyac var və bu prosesin sürətləndirilməsində EBRD-nin dəstəyi çox vacibdir” - deyə G. Cavadov bildirib.

EBRD prezidenti isə təmsil etdiyi qurumun enerji sahəsində böyük təcrübəyə malik olduğunu, sərmayələrinin 30%-nin məhz bu sahəyə yönəldildiyini diqqətə çatdırıb. O, əlavə edib ki, bankın gələcəkdə əsas məqsədlərindən biri bu göstəricini 40%-ə yüksəltməkdir.

S.Çakrabarti tənzimləyici orqanın yaradılması məsələsində kömək göstərməkdə maraqlı olduqlarını vurğulayaraq deyib ki, qurum Energetika Nazirliyi ilə əməkdaşlığı məqsədə çevirib. İki qurum arasında imzalanacaq sənəd işbirliyini daha da gücləndirərək səmərəli fəaliyyəti təmin edəcək.

Görüşün sonunda Energetika Nazirliyi ilə EBRD arasında “Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə Niyyət Protokolu imzalanıb.

Son xəbərlər

Orphus sistemi