Bu ilin sonunda “Qarabağ” yatağında qiymətləndirici quyunun qazılması planlaşdırılır

Bu ilin sonunda “Qarabağ” yatağında qiymətləndirici quyunun qazılması planlaşdırılır Xəzərin Azərbaycan sektorunda yerləşən Qarabağ yatağında ilk qiymətləndirici quyunun 2019-cu ilin sonunda qazılması planlaşdırılır.
Energetika
19 Aprel , 2019 18:03
Bu ilin sonunda “Qarabağ” yatağında qiymətləndirici quyunun qazılması planlaşdırılır

Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağında ilk qiymətləndirici quyunun 2019-cu ilin sonunda qazılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Norveçin “Equinor” şirkətinin məlumatında qeyd edilib.

Məlumata görə, bu quyunun qazılmasından sonra, “Əşrəfi-Dan ulduzu-Aypara” bloku üzrə saziş ərazisində “Aypara” sahəsində kəşfiyyat quyusu qazılacaq.

“Equinor” şirkətinin icraçı direktorunun beynəlxalq inkişaf və hasilat üzrə vitse-prezidenti Torqrim Reitan bildirib ki, Azərbaycan şirkət üçün vacib ölkələrdən biridir və son bir neçə ildə regionda yeni imkanları inkişaf etdirməyə nail olunub.

Qeyd edək ki,“Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la "Equinor" (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb. Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. Layihədə şirkətlərin hər biri 50% paya malikdir.

“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

Qiymətləndirici quyunun "Dədə Qorqud" üzən qazma qurğusu vasitəsilə qazılması nəzərdə tutulur.

"Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında saziş də həmin tarixdə imzalanıb. HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

“Equinor” 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətin “Azəri-Çıraq-Günəşli” blokunda da 7,27% payı var.

Son xəbərlər

Orphus sistemi