Bu günə qədər qaz anbarlarından 1,9 mlrd. kubmetr qaz çıxarılıb

Bu günə qədər qaz anbarlarından 1,9 mlrd. kubmetr qaz çıxarılıb Azərbaycanda qaz anbarlarının həcmi genişləndiriləcək
Energetika
20 Fevral , 2017 18:01
Bu günə qədər qaz anbarlarından 1,9 mlrd. kubmetr qaz çıxarılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində 2016-cı ilin istehsalat fəaliyyəti və texniki-iqtisadi göstəricilərinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, İdarənin rəisi Rövşən Qarayev çıxışında bildirib ki, yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında “mavi yanacağa” olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır. Bu məqsədlə SOCAR tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının yenidən qurulmasında, qorunub saxlanmasında, onların düzgün istismarında, qabaqcıl texnologiyaların tətbiqində və digər göstəricilərin yaxşılaşdırılmasında böyük nailiyyətlər qazanılıb. İdarə rəisi ötən il qazvurma mövsümündə yeraltı qaz anbarlarına 1,987 mlrd. kubmetr qaz vurularaq qalıq qazla birlikdə 2,968 mlrd. kubmetr qaz ehtiyatı yaradıldığını bildirib. Bu günə qədər qaz anbarlarından 1, 873 mlrd. kubmetr qaz çıxarılaraq təhvil verilib. Hazırda “Azneft” İB tərəfindən qaz anbarlarının imkanlarının genişləndirilməsi üçün geoloji sahədə də mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə “Qaradağ” yatağında 25, “Qalmaz” yatağında 21 yeni quyunun qazılması, işçi təzyiqi 250 atmosfer olan yeni kompressor stansiyasının inşası nəticəsində idarə üzrə qaz həcmlərinin 6 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. Cari il ərzində 7 yeni quyunun qazılması nəzərdə tutulub.

Daha sonra Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək, İstehsalat Birliyinin rəhbəriyi tərəfindən idarədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini iştirakçıların diqqətinə çatdırıb. Sonda əməyin mühafizəsi sahəsində Davranış və təhlükəsizliyin müşahidə vərəqələrinin təhlili nəticəsində İstismar avadanlıqları sahəsinin işçiləri Nəzər Atalıyev və Elşən Hətəmova “İstehsalatla əlaqədar təhlükənin qarşısını aldıqlarına” görə “Azneft” İB-nin tərifnamələri və qiymətli hədiyyələri təqdim olunub. İdarənin 2016-ci il ərzində əməyin mühafizəsi sahəsində Davranış və təhlükəsizliyin müşahidə Sistemi üzrə fərqlənmiş ümumilikdə 12 işçisi qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi