20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi

20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar ilə əlaqədar tədbir təşkil olunub
Energetika
19 Yanvar , 2017 19:32
20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi

Bakı. 19 yanvar. REPORT.AZ/ SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar qırğınının 27-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunub.

Tədbir 20 Yanvar hadisələrini əks etdirən filmin nümayişi ilə başlayıb. 

"Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov bildirib ki, şəhidləri xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətin xüsusi diqqət göstərdiyi əsas məsələlərdəndir: "20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. 1990-cı il yanvarın 19-20-də əsasən ermənilərdən ibarət sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, 20 Yanvar faciəsi nə qədər böyük ürək ağrısı ilə xatırlansa da, xalqın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü gördükdə bundan böyük qürur hissi duyulur: "Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirib. Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək Azərbaycan xalqının ən böyük arzusu olub. Həmin vaxt Azərbaycan informasiya blokadasına alınıb. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılıb. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verib. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb edib. 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi və siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub. Dahi şəxsiyyət Heydər Əliyev 20 yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsil həqiqəti üzə çıxarıb, xalqla birliyini bir daha təsdiqlənib. 20 Yanvar hadisələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar da günahkar idilər. Mərd, qorxmaz xalqımız məğlub olmadı, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürməyib, əksinə daha da alovlandırıb. Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir". 

O, ulu öndər Heydər Əliyevin düşünülən və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərək vurğulayıb ki, ölkə 1993-cü ildən başlayaraq inkişaf yolunda inamla irəliləyir: "Son 13 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Uğurlarımız müstəqilliyimizi daimi, dönməz və əbədi edir. Azərbaycanın uğurları yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına böyük inam yaradır. Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil".

"Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları Famil Vəliyev, Ələddin Həsənov və Ülviyyə Məmmədova çıxış edərək vurğulayıblar  ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı il yanvarın 19-20-də baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoyub. O qanlı-qadalı günlərdə Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. 

Son xəbərlər

Orphus sistemi