İqtisad Universiteti tələbələrinin “Məzun Günü” qeyd edilib

İqtisad Universiteti tələbələrinin “Məzun Günü” qeyd edilib 2015/2016-cı tədris ilində UNEC-dən 5 730 bakalavr və magistr məzun olub
Elm və təhsil
30 İyun , 2016 17:10
İqtisad Universiteti tələbələrinin “Məzun Günü” qeyd edilib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Məzun Günü” qeyd edilib. 

“Report”un məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ali məktəb rəhbərləri, özəl qurumların nümayəndələri, UNEC-in fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və qəhrəmanlıqlarından danışılıb. Bildirilib ki, bu döyüşlərdə UNEC-in 2 məzunu da şəhid olub. Torpaqların müdafiəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin UNEC-in professor-müəllim heyəti ilə görüşünə həsr edilən videoçarx nümayiş olunub. Sonra isə universitet həyatının müxtəlif sahələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

UNEC-in fəxri məzunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tələbəlik illərindən söz açaraq, müəllimlərini görməkdən məmnun olduğunu bildirib. Nazir son illərdə UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirib: “Ölkəmizin bilikli və bacarıqlı gənclərə daim ehtiyacı var. UNEC bu günkü tələblərə cavab verən yüksək ixtisaslı kadrlar hazırlayır. Mən əminəm ki, UNEC məzunları əmək bazarlarında özlərinə layiqli yer tapacaqlar”.

UNEC-in Ağsaqqallar Şurasının sədri, professor Əli Həsənov, valideynlər və digər qonaqlar məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıblar.

Sonda çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin özəl gününə toplaşan qonaqlara minnətdarlığını bildirib. Rektor ölkədə təhsilə göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin İqtisad Universitetinə göstərdiyi diqqətdən danışıb: “Ölkə başçısı İlham Əliyevin qarşımıza qoyduğu əsas vəzifə İqtisad Universitetini dünya səviyyəli universitetə çevirməkdir. Məqsədimiz bu vəzifəni şərəflə yerinə yetirməkdir”.

Rektor “məzun” adını qazanan bütün tələbələri təbrik edərək gənclərə öz tövsiyələrini verib: “Uğura gedən yol daim axtarışda olmaq, çalışmaq və özünü inkişaf etdirməkdir. Ulu öndər Heydər Əliyev daima “Təhsil millətin gələcəyidir” deyirdi. Həmin gələcək sizin əlinizdədir. Böyük hədəflərə gedən yol məhz bu gündən başlayır. Çalışın dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm”.

Tədbirdə UNEC-in ən yüksək bal toplayan məzunu Sevinc Əliyevaya hədiyyə təqdim olunub. Səhnəyə Azərbaycan bayrağı gətirilib və məzunlar təntənəli şəkildə and içiblər. Məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib. Atəşfəşanlıqdan sonra tədbir bədii proqramla davam edib.

Qeyd edək ki, 2015/2016-cı tədris ilində UNEC-dən 5 730 bakalavr və magistr məzun olub. Onlardan 4 027-i bakalavr, 1 703-ü isə magistrdır. Məzunların 70-i əcnəbi vətəndaşdır.

Son xəbərlər

Orphus sistemi