FED-in sabahkı qərarı ərəfəsində bazar hansı əhvaldadır? - ANALİTİKA

FED-in sabahkı qərarı ərəfəsində bazar hansı əhvaldadır? - ANALİTİKA Bu həftə - sentyabrın 17-18-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək. İclasın sonuncu günündə uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək.
Analitika
17 Sentyabr , 2019 15:43
FED-in sabahkı qərarı ərəfəsində bazar hansı əhvaldadır? - ANALİTİKA

Bu həftə - sentyabrın 17-18-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək. İclasın sonuncu günündə uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək.

2008-ci il 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25% həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5%) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5%-ə kimi artırdı.

2018 ildə tənzimləyici 4 dəfə uçot dərəcəsini artırıb: 21 martda – 1,5-1,75%-ə, 13 iyunda – 1,75-2%-ə, 26 sentyabrda – 2-2,25% və 19 dekabrda – 2,25-2,5%-ə kimi.

FED iyulun 31-də son on ildə ilk dəfə olaraq monetar siyasətin yumşaldılmasına gedərək uçot dərəcəsini 0,25 faiz bəndi aşağı salaraq 2,00- 2,25%-ə endirib.

"Report"un Analitik qrupu hesab edir ki, sabah tənzimləyici faiz dərəcəsinin daha 0,25% bəndi endirilməsinə qərar verəcək. Belə ki, ABŞ və Çin arasında davam edən ticarət savaşı iqtisadi inkişaf perspektivlərini azaldaraq iqitsadiyyatın dəstəklənməsi yönündə FED-in manevr imkanlarını məhdudlaşdırır. Bu, FED-i ABŞ iqtisadiyyatı üçün düzgün balans axtarmağa sövq edir. Belə olan halda tənzimləyici pul-kredit siyasətinin iqtisadi artımı təmin edəcəyindən və resesiyanı önləyəcəyindən əmin olmaq üçün özünü sığortalayaraq monetar siyasətin yumşaldılması prosesini davam etdirəcək.

Digər tərərfdən, iqtisadi artımın davam etməsi, işsizliyin aşağı səviyyədə qalması və inflasyanın hədəflənən 2 faiz həddinə yaxınlaşması Açıq Bazar Əməliyyatları Komitəsinin üzvləri arasında bu məsələyə dair olan fikir ayrılığını bir az daha dərinləşdirir. Regional bankların bəzi üzvləri iqtisadiyyatın stimullaşdırılmasına qarşı çıxırlar. Onlara görə tənzimləyici, alətləri ABŞ iqtisadiyyatının resessiya ilə üzləşə biləcəyi vaxta saxlamalıdır.

İnvestorların əhvalı ilə bağlı vəziyyət də birmənalı deyil. ABŞ-Çin ticarət savaşındakı gərginliyin səngiməsi investorların FED-in gələcək qərarına dair gözləntilərindəki fərqi tədricən aradan qaldırır. 

Bu gedişatla FED-in qərarına sayılı saatlar qalmış bazar ən gərgin fazaya daxil olacaq və tənzimləyicinin verəcəyi istənilən qərar gözləntilərdən fərqli olacaqsa bazar buna kifayət qədər güclü reaksiya verəcək. Əgər bazar iştirakçılarının böyük əksəriyyəti faiz dərəcəsinin azalmasını gözləyirsə və qərar da bu istiqamətdə olacaqsa, bunun baş verəcəyi artıq qiymətə daxil edildiyindən bazara təsir etməyəcək. Yox, əgər investorlar FED-in gələcək planlarına dair fikirdə iki düşərgəyə bölünüblərsə və bazar iştirakçılarının yarısı faiz dərəcəsinin endiriləcəyini, qalan hissəsi isə bunun baş verməyəcəyini gözləyirsə, bu zaman veriləcək istənilən qərar bazara güclü təsir edəcək və yüksək valotilliklə müşayət olunacaq.

Lakin faiz dərəcəsinin azaldılması artıq fond bazarının aktivlərinin dəyərində və dolların kotirovkalarında nəzərə alındığından tənzimləyicinin son anda bazarda lazımsız təlatümlərə yol açacaq fərqli qərar qəbul etməsi az inandırıcı görünür. 

Bunu “Reuters”in dindirdiyi ekspertlər də təsdiqləyir. Onların 91%-i (120-də 110-nu) FED-in uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını gözləyir.

Uçot dərəcəsinə olan fyuçerslərə görə, sabah faizlərin azaldılması ehtimalı 84% təşkil edir. Gözləntilərə görə, oktyabrda tənzimləyici fasilə götürərək faiz dərəcələrinin azaldılması prosesini ilin son ayında bərpa edəcək.

Son xəbərlər

Orphus sistemi