FED bu ay uçot dərəcəsini azaldacaqmı? - ANALİTİKA

FED bu ay uçot dərəcəsini azaldacaqmı? - ANALİTİKA
Analitika
11 Sentyabr , 2019 09:42
FED bu ay uçot dərəcəsini azaldacaqmı? - ANALİTİKA

Sentyabrın 18-19-da ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək. 12 regional federal bankdan təşkil olunmuş FED ABŞ-da Mərkəzi Bankın funksiyalarını yerinə yetirir. Amma digər ölkələrdən fərqli olaraq bu qurum təkcə qiymət artımına nəzarət etmir, həm də məşğulluğu təmin etmək kimi bir öhdəliyi var. Yəni, dolayı yolla iqtisadi inkişafa nail olmaq da onun vəzifəsidir. Bu iki prioritet məsələ isə bəzi hallarda bir-birinə ziddiyyət təşkil edir. Məsələ ondadır ki, məşğulluğun yüksək səviyyədə təmin edilməsi maaşlar üzərində təzyiq yaradaraq onların artmasına, bu isə öz növbəsində qiymətlərin artışına, yəni inflyasiyaya gətirib-çıxarır. 

İnflyasiya ilə yanaşı, deflyasiya (qiymət azalması) da iqtisadiyyat üçün təhlükəlidir. Yəni, onu da nəzarətdə saxlamaq lazımdır. Odur ki, FED elə bir faiz dərəcələri tətbiq etməlidir ki, vəziyyəti həmişə nəzarət altında saxlaya bilsin.

2008-2009-cu illərin qlobal maliyyə böhranından sonra Mərkəzi Banklar bazara müdaxilə edərək kütləvi şəkildə dövlət istiqrazlarını balanslarına götürməyə başladılar. QE (Quantitative Easing ) adlanan bu moneytar vasitə bazarda likvidlik yaratmağa, faiz dərəcələrini azaltmağa və iqtisadi inkişafa təkan verməyə kömək etdi. Buna baxmayaraq olduqca ucuz və bol vəsait istiqraz faizlərinin mənfiləşməsinə, xüsusən də Avropada bank və sığorta sektorunun ciddi problemlə üzləşməsinə səbəb oldu. 

Federal Ehtiyatlar Sisteminin Balansı 3,8 trilyon dollardır.

Mənbə: St Louis FED

İqtisadiyyatlar Mərkəzi Bankların, xüsusən də FED-in apardığı moneytar siyasətə olduqca həssasdır və atılan hər hansı yersiz bir addım gözlənilməz mənfi nəticələrə gətirib çıxara bilər. Məsələn, FED-in 2018-ci ilin sentyabr və noyabr yığıncaqlarında moneytar siyasətin sərtləşdiriləcəyi barədə açıqlamaları dekabrda aparıcı fond bazarı indekslərinin 20%-ə yaxın azalmasına səbəb oldu. FED-in bu dəfəki sentyabr yığıncağı olduqca həssas makro-iqtisadi və geosiyasi mühitdə baş tutacağından diqqət mərkəzindədir. Nəzərə alsaq ki, təşkilat statistik məlumatlar əsasında bu və yaxud digər qərarı formalaşdırır, bir birinə zidd son iqtisadi göstəricilər onun işini çətinləşdirir. 3,7%-lik göstərici ilə ABŞ-da məşğulluq son 40 ilin ən yüksək səviyyəsində olmasına baxmayaraq, iqtisadiyyatin iş yeri yaratma tempi zəifləyir. Avqust ayı üzrə qeyri-istehsalat sektorunda Biznesin Aktivliyi İndeksinin konsensusdan yüksək gəlməsinə baxmayaraq, istehsalat sektorundakı müvafiq göstərici gözləntiləri doğrultmayıb.

Mənbə: İnstitut for Supply Management

İqtisadiyyatın lokomotivi olan istehlakçı xərcləmələrinin müsbət tendensiyasına baxmayaraq, İstehlakçı Etibar İndeksi kəskin zəiflədi. Eyni zamanda, uzun müddətli istiqraz gəlirliklərinin kəskin azalması və qısa faizlərlə inversiya baş verməsi iqtisadiyyatın yavaşlayacağından xəbər verir. Qiymətlərin artım tempi (1,6%) isə FED-in inflyasiya hədəfinin (2%) altındadır. Qurumun rəhbəri Cerom Pauel çıxışında demişdi: “Aşağı səviyyəli inflyasiya bizim dövrün problemidir, yüksək səviyyəli inflyasiya yox”. Lakin unutmamaq lazımdır ki, orta həftəlik maaşlar keçən ilə nəzərən gözləntidən çox artıb (3,2%) və bu da öz növbəsində inflyasiyasını körükləyə bilər. Yuxarıda sadalananlar faiz dərəcələrini azaltmağa tam əsas yaratmır. Bununla yanaşı bazar iştirakçıları 0,25% kəsinti gözləyirlər. Uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 1,75-2% dəhlizinə salınması ehtimalı 93,5%-dir.

Mənbə: CME Group

Faizlərin daha da çox azaldılması isə FED-in özundə də tənəzzül gözləntisi olduğu fikrini yaradacağından təhlükəlidir. Təsadüfi deyil ki, C.Pauel sentyabr yığıncağında 0,25%-lik azalmanı “sığorta kəsintisi” adlandırdı - yəni FED faizləri azaldır, amma bu heç də ABŞ iqtisadiyyatında problem olduğuna görə deyil.

Ümumiyyətlə demək olar ki, faiz dərəcələri tarixi minimum səviyyələrdədir və növbəti iqtisadi yavaşlama zamanı faizlərin endirilməsinin hansı dərəcədə effektiv olacağı sual doğurur.

Faiz dərəcələri və böhran tarixləri (boz ilə işarələnmiş sahələr böhran tarixləridir)

Mənbə: St Louis FED

Unutmamaq lazımdır ki, moneytar siyasətlə yanaşı fiskal siyasət də mövcuddur və bütün məsuliyyətin mərkəzi bank sisteminin üzərinə yıxılması, yaxşı halda heç bir nəticə verməyəcək, pis halda isə maliyyə sisteminin dayanaqlılığını və insanların kağız valyutalara inamını sarsıda bilər. Keçmiş FED sədri Alan Qrinspan son müsahibəsində bildirmişdi ki, mənfi faiz dərəcələri artıq reallıqdır və bu insanlarda uzunmüddətli istiqrazların onların alıcılıq qabiliyyətlərini qorumasına inamı azaldır. Məsələn, 30 illik istiqraz faizləri o qədər azalır ki, onun gəlirliliyi investoru bu müddət ərzində baş verəcək inflyasiyadan belə qorumur. FED-in sentyabr yığıncağında 0,25lik kəsinti gözləmək olar, lakin bunun investorların iqtisadiyyatla bağlı qayğılarına nə dərəcədə cavab verəcəyini demək çətindir. 

Nəriman Yaqubov

Son xəbərlər

Orphus sistemi