Qızıl parıldamağa başlayıb - ANALİTİKA

Qızıl parıldamağa başlayıb - ANALİTİKA
Analitika
27 Avqust , 2019 12:10
Qızıl parıldamağa başlayıb - ANALİTİKA

Qızılın qiyməti son 6 ilin ən yüksək səviyyəsini keçərək unsiya başına 1560 dollar oldu və getdikcə investorların diqqətini daha çox çəkməyə başlayır. 

Eyni zamanda, gümüş də uzun fasilədən sonra müsbət tendensiya nümayiş etdirir. Görünən odur ki, investorlar təhlükəsiz aktiv axtarışındadırlar və hər iki metal diqqət mərkəzindədir. Təhlükəsizlik baxımından bu metallarla rəqabət aparan digər bir aktiv isə dövlət istiqrazlarıdır. Kütləvi tələb nəticəsində inkişaf etmiş ölkələrin dövlət istiqrazlarının qiymətləri rekord hədlərə çatıb. İstiqrazın gəlirliyi ilə qyməti tərs mütənasib olduğundan təbii olaraq bu gəlirliklər də azalmışdır.

Keçən həftə Almaniya Maliyyə Nazirliyi 30 illik istiqrazlarını mənfi gəlirliklə yerləşdirdi. Beləliklə, Alman höküməti 824 milyon avro borc aldı və 30 il sonra borc yerənə 795 milyon avro qaytaracaq. 100 illik Avstriya istiqrazlarının qiyməti bir il ərzində 120-dən 200 avroyadək yüksəldi. Bu istiqrazları indi alsanız, 100 ildən sonra sağ qalacağınızı fərz etsək, verdiyiniz pulun yalnız yarısını geriyə ala biləcəksiniz.

Avstriyanın əsrlik istiqrazının qiyməti. Mənbə: WSJ

Artıq mənfi gəlirlikli istiqrazların məbləği 16,7 trilyon dollara çatıb  və tendensiya davam edir. ABŞ və İngiltərədən başqa digər inkişaf etmiş ölkələrin dövlət istiqrazları gəlir vermir. Gözlənilir ki, bu ölkələrin də orta müddətli istiqrazlarının gəlirlikləri mənfiləşsin.

Mənfi gəlirlikli İstiqrazlar. Mənbə: Bloomberg

Qızıl isə heç bir dövlətin borcu deyil, istiqrazın daşıdığı defolt riskini daşımır və investorların diqqətini çəkməsi heç də təəccüblü deyil. İnkişaf etməkdə olan bazarlar üzrə 40 illik təcrübəyə malik mütəxəssis və investor Mark Mobius son müsahibəsində bildirdi ki, qızılı istənilən qiymətdən almaq sərfəlidir. Təcrübəli investorun sərfəli qiymət anlayışına önəm verdiyini nəzərə alsaq, belə bir ifadə məntiqsiz görünə bilər. 2000-ci illərin əvvəlində də belə bir məsləhət məntiqsiz görünə bilərdi, lakin növbəti illər ərzində sarı metalın qiyməti 250 dollardan 700 dollara daha sonra isə 2000 dollara yüksəldi.

Mənbə: TD Ameritrade

Eyni zamanda qiymətli metal tələbatınin dinamikasını diqqətlə izləsək nəticə çıxara bilərik ki, hazırdakı qiymətlər nəinki sərfəlidir, hətta olduqca ucuzdur. 2008-ci ildən başlayaraq beynəlxalq rəsmi qızıl rezervləri artır. Mərkəzi banklar və suveren fondlar portfellərindəki qızılın payını artırırlar. Buna paralel olaraq, Basel III tövsiyyələrinə əsasən kommersiya banklarının kapital adekvatlığında qızılın risk çəkisi kəskin azaldılmış, hətta bəzi ölkələrdə 0% səviyyəsinə gətirilib. Rusiyada qızıl və digər qiymətli metallara edilən investisiyalar ƏDV-dən azad edilib.

Makroiqtisadi perspektivdən yanaşsaq, qeyri-stabil geosiyasi vəziyyət, ticarət münaqişələri, iqtisadi vəziyyətin pisləşməsi qızıla olan tələbatı artırır. FES və yaxud Avropa Mərkəzi Bankı faiz dərəcələrini azaltdıqda da investorlarda valyutaların dəyərsizləşəcəyi qorxusu yaranır və onlar qızıla yönəlirlər. Yəni dünya iqtisadiyyatı resessiya ilə üzləşdiyində qızıla olan tələbat artır və resessiya ilə mübarizə üçün faizlər azaldıldıqda qızıla olan tələbat yenə də artır. Hal-hazırdakı vəziyyət isə qızıl qiymətlərinin hər iki gedişatdan faydalanacağını göstərir.

Digər bir problem də bir sıra ölkənin dolların rezerv valyuta statusuna alternativ axtarmasıdır. ABŞ ilə konfliktdə olan ölkələrdən belə təkliflər hər zaman gəlirdi, lakin İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Carneyin beynəlxalq ticarət üçün yeni kriptovalyutanın məqsədəuyğun ola biləcəyi fikrini səsləndirməsi təəccüb doğurdu. Belə nəticəyə gəlmək olar ki, inkişaf etmiş ölkələr də hegemon valyutadan əziyyət çəkirlər. Qızıl isə bu prosesdə əvəzedilməz rol oynaya bilər. Hər halda qızılın yaxın gələcəyi olduqca parlaq görünür. 

Nəriman Yaqubov

Son xəbərlər

Orphus sistemi