Bakı. 9 may. REPORT.AZ/ Atletikanın tullanma növü üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ziyad Xəlfəyevin "Report"a müsahibəsi.
- "
- İlk Avropa Oyunlarının əsas qazancı Azərbaycanı idman ölkəsi kimi tanıtmasıdır. Bizim işimiz atletika ilə bağlı olduğu üçün deyərdim ki, Oyunlar ölkə atletikasını dünyaya təqdim edəcək. Müsbət cəhətlərdən biri idman qurğularının tikilməsidir. Biz də həmin obyektlərdə məşqlər, yarışlar keçirə biləcəyik.
- Atletikanın Avropa Oyunlarının proqramına salınması üzərinizə hansı məsuliyyəti qoyur?
- Azərbaycan bayrağını qaldırmaq üçün ən azından ilk üçlüyə düşmək istəyirik. Bu səbəbdən var gücümüzlə çalışacağıq ki, ilk Avropa Oyunlarında mükafatçılar sırasına düşək.
- Oyunlarda atletika yarışları neçə komanda arasında keçiriləcək?
- Yarışda ümumilikdə 14 komanda iştirak edəcək. Bütün yarışlar komanda şəklində keçiriləcək. Bizim komanda 37 idmançı ilə təmsil olunacaq.
- Azərbaycan atletlərinin ilk üçlüyə düşmək şansını necə dəyərləndirirsiniz? Medal qazana biləcəyik?
- Bəli, şansımız var. Burada komanda yarışları olacaq. Bizim komanda 37 nəfərdən ibarətdir və bu 37 idmançıya bir medal veriləcək. Bu da bir növ voleybol, futbol kimi komanda yarışıdır. Beynəlxalq Atletika Federasiyası (İAF) "Bakı 2015"lə eyni dövrdə komandaların Avropa çempionatını keçirəcək. İlk Avropa Oyunlarında atletika növü üzrə əldə olunan nəticələr Avropa çempionatına da şamil olunacaq.
- 37 idmançının neçəsi oğlan, neçəsi qızlardır?
- Komandada 20 oğlan və 17 qız idmançı yer alıb. Ümumilikdə 40 növ üzrə yarış olacaq ki, bunun 20-si oğlanlara, 20-si isə qızlara aiddir. Hər bir atlet xal toplayacaq və bu xallara əsasən ümumi nəticə hesablanacaq. Yarışda hər bir növdə təmsil olunacağıq.
- Avropa Oyunlarının Bakıda keçirilməsi yerli atletika komandası üçün hansı önəmi daşıyır?
- Bu bizim üçün əlavə stimuldur. Komanda bütün gücü ilə nəticə qazanmaq üçün çalışır. Bu yaxınlarda Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışından qayıtmışıq.
- Hələ Oyunlara bir müddət vaxt qalıb. Bu ərəfədə hər hansı bir toplanış və ya sınaq yarışları planı var?
- Medal qazanacağına ümid etdiyimiz idmançıları sınaq yarışlarına göndərmək istəyirik.
- Kimləri göndərmək istəyirsiniz?
- Yaxşı nəticələr göstərən idmançılarımız var. Nazim Babayevi buna misal göstərmək olar. O, uzunluğa və üç təkanla tullanma üzrə idmançıdır. Bu il Çinin Nankin şəhərində keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, ilk Avropa Oyunlarının atletika üzrə elçisidir. Bundan başqa Rahid Məmmədov, legionerlərdən Hayle İbrahimov var. Hayle komanda yarışlarında Azərbaycanı təmsil edəcək.
- Azərbaycanın Ramil Quliyev adlı atleti vardı. Hansı ki, indi Türkiyə yığmasının heyətində mübarizə aparır. Onun Azərbaycana gələcəyi gözlənilir?
- Türkiyə 2-ci diviziona düşdüyü üçün ilk Avropa Oyunlarında iştirak etməyəcək. Bakıda yalnız 3-cü divizion ölkələri yarışacaq. Ümumilikdə 14 komanda olacaq ki, bura Macarıstan, Gürcüstan, San Marino və s. ölkələr daxildir. Əslində 15 olmalıydı. Sadəcə ermənilər imtina etdikdən sonra 14 ölkə qalıb.
- Avropa Oyunlarında atletika yarışları üzrə Rio-2016-ya lisenziya veriləcək?
- Bəli. Lisenziya xarakterli yarışlar olacaq. Beynəlxalq Atletika Federasiyası aprelin 20-də normativlər verib. Həmin normativlərə əsasən də lisenziyalar veriləcək.
- Azərbaycan atletlərinin bu lisenziyalara sahib olmaq şansları varmı?
- Bəli, var. Nazim Babayevi qeyd edə bilərəm. Tullanmaq üzrə normativ 16.90 m-dir. Qışda keçirilən yarışları 16.33 metrlə başa vurmuşuq. 60 sm artırsaq, Rio-2016-ya lisenziya qazanmaq şansımız olacaq.
- Avropa Oyunlarında 3-cü divizion ölkələri çıxış edəcək. Ancaq Birləşmiş Avropa çempionatı keçiriləcək ki, burada əsas idmançılar çıxış edəcək...
- Həmin ərəfədə yüksək liqa, birinci divizion yarışlaır keçiriləcək. Rusiya, İtaliya, Fransa və s. ölkələr əsas liqada çıxış edirlər. Ona görə həmin ölkələr Birləşmiş Avropa çempionatında yarışacaq. Azərbaycan 3-cü diviziona düşdüyü üçün ilk Avropa Oyunlarına bu liqanın ölkələrini salıblar.
- Azərbaycanda atletika digər idman növləri ilə müqayisədə o qədər də kütləviləşməyib. Bu idman növünün təbliğatı ilə bağlı hansı işlər görülür?
- Hazırda bununla bağlı işlər gedir. Atletika İdman Məktəbi var və rayonlarda mütəmadi yarışlar keçirir. Oradan perspektivli idmançılar cəlb olunur. Təxminən 220-240 nəfər atletika ilə məşğul olur. Onların 37-si yığma komandanın üzvüdür.
- Atletika yarışları Bakı Olimpiya stadionunda keçiriləcək. Xeyli sayda tamaşaçılar yarışları izləyəcək. Necə düşünürsünüz, atletlər bu cür geniş tamaşaçılar qarşısında çıxış etməyə hazırdılar?
- Təbii ki, doğma divarlar arasında yarışmaq daha məsuliyyətlidir. Hər bir idmançı istəyəcək ki, evdə yaxşı nəticə qazansın. Həyəcan olacaq, amma komandanın psixoloqu var və bütün komanda ilə psixoloji hazırlıq keçir.
- Baş məşqçi kimi sizin üçün ən önəmlisi atletlərin Rio-2016-ya vəsiqə qazanmasıdır, yoxsa Avropa Oyunlarında medal qazanmaq?
- İstərdik ki, Avropa Oyunlarında yaxşı nəticələr qazanaq, medal əldə edək. Ən əsası odur ki, Bakıda keçirilən Oyunlarda Azərbaycan bayrağını dalğalandıraq.