Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın kamandan oxatma üzrə yığma komandasının baş məşqçisi Sergey Qospodinovun "Report"a müsahibəsi.
- Azərbaycanda kamandan oxatma idman növü necə inkişaf edir?
- Kamandan oxatma Azərbaycanda çoxdan inkişaf edən idman növlərindəndir. Bu idman növü ilə respublikada təxminən 1968-ci ildən geniş məşğul olmağa başlayıblar. Sovet dövründə bu idman növündə azərbaycanlı idmançılar kifayət qədər yaxşı nəticə göstəriblər.
Mən Moldovadanam, orada məşqçilik fəaliyyəti ilə məşğul olmuşam. Məni Azərbaycana işləməyə dəvət ediblər və artıq 5 ildir buradayam. Deməliyəm ki, son 4 il ərzində idmançılarımızın nəticələri xeyli yaxşılaşıb. Oxatanlarımız yarışlarda iştirak edir və müəyyən nəticələr əldə edirlər. Həm kişi, həm də qadın komandalarımız artıq formalaşıb. Kişilərdən ibarət yığmamız 2013-cü ildə İndoneziyada keçirilən İslam Həmrəylik Oyunlarında iştirak edib və II yer tutub. Yəni komanda bu günə kimi müəyyən nailiyyətlər əldə edib və daha ciddi yarışlara hazırlaşır.
İstənilən başqa idman növü kimi kamandan oxatma da müəyyən sərmayə tələb edir. Hələlik federasiya bunun öhdəsindən gəlir. Hər il yeni kamanlar alınır, onlar ildən-ilə təkmilləşdirilir və təbii ki, bütün dünya yeniliyə meyl edir, çünki yeni daha yaxşıdır və yeni kamanlardan istifadə etdikdə idmançıların nəticələri də artır.
- Kənardan baxanda elə gəlir ki, kamandan oxatma çox asan idman növüdür - yayı çəkirsən və oxu atırsan. Bu idman növündə nə kimi çətinliklər var?
- Bəli, kənardan hər şey asan görünür, lakin çətinliklər çoxdur. Birincisi, hər şey ən xırda məqamlardan başlayır - hazırlıq texnikasını hansı səviyyədə qursaq, idmançı elə də atacaq. Lakin hər şeyin çox asan olması fikri yanlışdır. Kişilərdə kamanın dartma qüvvəsi 12,5-dən 22 kq-a qədər təşkil edir. Yəni yay ipinin saxlama səyləri kiloqramla ölçülür. Məşqlərdə idmançı 150-200 dəfə ox atır və bunu kiloqrama çevirsək, elə çıxır ki, məşqlərdə o, bir neçə ton yük qaldırır. Bu, bir daha sübut edir ki, kamandan oxatma heç də asan idman növü deyil, burada fiziki yük olduqca ağırdır. Belə fiziki gərginliyə tab gətirmək üçün yalnız oxatma ilə deyil, həm də ümumi fiziki hazırlıqla da məşğul olmaq vacibdir. Lakin ən əsası psixoloji hazırlıq faktorudur. İdmançının yarışlarda psixoloji cəhətdən yüksək hazırlıqlı olması ən vacib və mühüm amillərdəndir. Nişan alma, diqqətli olma, onluğa düşmə ilə bağlı problemləri dəf etmək üçün kamandan oxatma ilə məşğul olan idmançı diqqəti elə cəmləşdirməlidir ki, hədəfdən yayınmasın. İstənilən həyəcan, istənilən stress vəziyyəti onun yekun nəticəsinə mənfi təsir edəcək. Psixoloji hazırlıq yox dərəcəsindədirsə, yarışlarda uğurlu nəticə əldə etmək çox çətindir.
- Bəs bu idman növündə hansı məqamlar asandır?
- Birincisi, bu çox gözəl, kübar bir idman növüdür. Nəticə əldə etmək istəyən hər bir şəxs yorulmadan işləməlidir, bu isə asan olmur.
- Bu il Bakıda I Avropa Oyunları keçiriləcək. Bu haqda nə deyə bilərsiniz?
- Bu cür böyükmiqyaslı oyunlar ilk dəfədir keçirilir. Asiya, Panamerika oyunları mövcuddur, indi isə I Avropa Oyunlarının keçirilməsi haqqında qərar qəbul olunub. Bunların hamısı çox ciddi yarışlardır və onlar Olimpiya oyunları səviyyəsində keçiriləcək. Bu oyunların proqramı və reqlamenti Olimpiya oyunlarına uyğun həyata keçiriləcək. Onların Bakıda keçirilməsi bizim üçün mühüm amildir və burada üzərimizə böyük məsuliyyət düşür. Biz qarşımıza müəyyən planlar, məqsədlər qoyuruq və əlbəttə medal uğrunda mübarizə aparmaq əzmindəyik. Demək istəyirəm ki, Avropada kamandan oxatmada rəqabət çox böyükdür və bura öz nəticələri ilə idmanın bu növündə lider olduqlarını dünyaya bəyan edən Hollandiya, Rusiya, Bolqarıstan idmançıları gələcək. Biz bu ciddi rəqabətə davam gətirmək üçün işləməli və oyunlara yüksək hazırlıq vəziyyətində çıxmalıyıq.
- Oyunlarda Azərbaycan yığmasından neçə nəfər iştirak edəcək?
- Hazırda 3 kişi və 3 qadından ibarət olacaq komandanın tərkibinə 4-5 kişi və 5-6 qadın idmançılar arasından seçim aparılır. Oyunlara ev sahibliyi edən ölkə olaraq bütün komandamız ilə təmsil olunmaq hüququnu əldə etmişik. Cəmi 64 qadın və 64 kişi iştirakçısının yarışlara qatılacağı gözlənilir, bunlar 12 və ya 13 komanda ola bilər. Bu təsnifat yarışlarından asılı olacaq.
- Oyunlarda yığmamızdan neçə medal gözləyirsiniz?
- Dediyim kimi, rəqabət çox böyükdür. Bura Avropanın ən yaxşı atıcıları gələcək, lakin biz medal uğrunda mübarizə aparmağa çalışacağıq. Hansı proqramda olduğunu deyə bilmərəm, lakin mən kişilərdən ibarət komandamıza böyük ümidlər bəsləyirəm, çünki o daha sabitdir. Biz qadınlardan ibarət komandanı da təşkil etmişik, lakin o, hələ nisbətən zəifdir. Əlbəttə, çox güclü fərdi atıcılarımız var, lakin söhbət komandadan gedir, hələlim biz yalnız bir medaldan danışırıq...
- Hansı medal qazanmağı düşünürsünüz?
- Mən belə proqnoz vermirəm. Medal olarsa, bu bizim idmanımızın uğuru olacaq.
- Azərbaycanda kamandan oxatma sahəsində hər hansı bir problem var?
- Son illər Gənclər və İdman Nazirliyinin xətti ilə yarışlarda iştirak etmək üçün maliyyələşmə həyata keçirilir, buna görə də biz böyük dəstək hiss edirik. Yəni yarışlarda iştirak etmək üçün bizə hər bir şərait yaradılır. Bu baxımdan federasiya ilə heç bir problemimiz yoxdur. İstənilən halda, istənilən xahişimizdə federasiya bizi həmişə dəstəkləyir.
Bazaya gəldikdə, yaxşı qış bazamız yoxdur. Qışda idmançılarımız isti və yaxşı yerdə məşq etmək imkanına malik deyil.
- Sizcə, bu idman növünü populyarlaşdırmaq üçün nə etmək lazımdır?
- Biz reklam xarakterli tədbirlər keçiririk, qəzetlərdə məqalələr dərc edirik, televiziyanı yarışlara dəvət edirik ki, insanlar ölkədə bu idman növünün mövcüdluğunu bilsinlər. Lakin məşqçi işinə daha çox insan cəlb etmək lazımdır, çünki məşqçilərin sayı çox azdır. Rayonlarda idman obyektləri var və onların bazasında bu idman növünü inkişaf etdirmək lazımdır. Mütəxəssislərin qıtlığı böyük problemdir və hər mütəxəssis rayona işləməyə getmək istəmir. Maddi həvəsləndirmə və idman bazasının olması çox vacibdir. Böyük əmək sərf edərək işləmək lazımdır. İdman Akademiyasını bitirən gənclərimiz çoxdur. İdmanın inkişafını yalnız Bakıda deyil, rayonlarda da gücləndirmək yaxşı olardı. Bu idmanla daha çox insan məşğul olarsa, deməli, rəqabət artar, yüksək rəqabət isə yüksək nəticələr deməkdir.