Bakı. 7 mart. REPORT.AZ/ Serbiya "Bakı 2015" I Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunacaq. "Report"un məlumatına görə, bu barədə Serbiya Milli Olimpiya Komitəsinin rəsmi internet saytında bildirilib.
Serblər ən çox idmançı ilə voleybolda təmsil olunacaq. Kişi və qadınlardan ibarət voleybol komandası 14 (ümumi 28) idmançı ilə Bakıya gələcək. Komitə idmançıların sayı ilə yanaşı, bir neçəsinin adını da açıqlayıb. Oyunlarda Serbiyanı boks üzrə Jelena Jeliç (60 kq), Lidija Marjanoviç (64 kq) və Aleksandar Drenovak (75 kq) təmsil edəcək.
Samboda İvana Jandriç (68 kq), qılıncoynatmada Romana Karan, suya tullanmada isə Mixailo Curiç çıxış edəcək.
Bundan başqa, Serbiya basketbol (3x3) üzrə 4, velosiped idmanında 2, gimnastikada 4, avarçəkmədə 14, üzgüçülükdə 2, güləşdə 6, triatlonda 1, atıcılıqda isə 12 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, I Avropa Oyunları 12-28 iyun tarixində keçiriləcək.