Bakı. 1 iyul. REPORT.AZ/ "Birinci Avropa Oyunları peşəkarcasına təşkil olunub və uğulu keçib". Bu barədə "Report"a İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer bildirib.
O qeyd edib ki, idman yarışlarının gedişini izləyib: "İsveçrədən 130 atlet yarışlarda iştirak edib və kifayət qədər uğurlu çıxış edib, biz hətta Oyunların ilk günlərində medalların sayına görə liderlik edirdik".
Azərbaycanlı idmançıların çıxışını şərh edən səfir onların nəticələrini yüksək qiymətləndirib: "Bu əsasən proqrama cüdo, güləş və taekvondonun daxil edilməsi sayəsində baş verib, lakin istənilən halda onlar yaxşı nəticələr göstəriblər".
"Azərbaycanın müəyyən etdiyi səviyəyyə çatmaq asan olmayacaq. Gələcək Avropa Oyunlarını nəinki Azərbaycandan yaxşı, hətta onun kimi keçirmək belə çətin olacaq", - növbəti Avropa Oyunlarının keçirilməsi perspektivlərindən danışan P.Obişer bildirib.