Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiyanın əfsanəvi buzüstü xokkey ulduzu, ikiqat olimpiya çempionu Vyaçeslav Fetisov "Bakı-2015" Avropa Oyunlarının baş ofisində olub. "Report"un məlumatına görə, V.Fetisov Bakı şəhərindəki müasir idman obyektlərinin tikintisini, birinci Avropa Oyunları ilə bağlı hazırlıq işlərini yüksək qiymətləndirib.
“Belə görmək olur ki, "Bakı-2015" bütün istiqamətlər üzrə idmançılar üçün yüksək səviyyədə şərait yaradıb. Rusiyalı idmançılardan ibarət komanda 2015-ci ilin iyununda Bakı şəhərinə gələrkən burada xoş qarşılanacaqlarına və yarışlarda maksimum yüksək nəticə qazanmaq üçün lazımi şəraitin yaradıldığına ümid edə bilərlər”.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bunları deyib: “Fetisovu "Bakı-2015" ilə tanış etmək bizim üçün çox xoş oldu. Onun Rusiyanın keçmiş idman naziri olduğunu və 2014-cü ildə müvəffəqiyyətlə keçirilmiş Soçi Qış Olimpiya Oyunlarına cəlb edildiyini nəzərə alsaq, Fetisovun gördüyümüz işləri yüksək qiymətləndirməsi sevindirici haldır".