Bakı. 20 fevral. REPORT.AZ/ Taekvondo üzrə Rusiya yığması Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında bütün çəki dərəcələrində təmsil olunacaq. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə yığmanın baş məşqçisi Vadim İvanov açıqlama verib.
Baş məşqçi martda Nalçikdə keçiriləcək taekvondo üzrə Avropa çempionatından sonra reytinq siyahısının tərtib olanacağını bildirib: "Hər çəki dərəcəsində 16 taekvondoçu çıxış edəcək. Bunlardan 14-ü reytinq siyahısına əsasən Bakıda keçiriləcək yarışa vəsiqə qazanacaq. Təşkilatçı ölkə olduğu üçün Azərbaycanın bir idmançısının yarışda birbaşa iştirak etmək hüququ var. Təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır. Düşünürəm ki, Bakıda bütün çəki dərəcələrində təmsil olunacağıq".
Qeyd edək ki, I Avropa Oyunlarında taekvondo üzrə ümumilikdə 128 kişi və qadın 4 çəki dərəcəsində mübarizə aparacaq.