Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayevin "Report"a müsahibəsi
- Bu yaxınlarda Prezident İlham Əliyev Bakı Atıcılıq Mərkəzinin açılışını etdi. Əvvəlcə həmin idman qurğusunda görülmüş işlərlə bağlı məlumat verərdiniz...
- Bizim əvvəlki tikili Respublika Stend Atıcılığı Kompleksi adlanırdı. Həmin obyekt 2003-cü ildə istifadəyə verilmişdi. O da Zemfira Məftəhəddinova Olimpiya çempionu olduqdan sonra ulu öndər Heydər Əliyevin göstərişi ilə tikilmişdi. Həmin mərkəz ilk Olimpiya komplekslərindən biri olub. Öz dövrünün müasir idman qurğusu idi. Həmin kompleksdə Qran Pri və digər yarışlar keçirdik. Ancaq beynəlxalq yarışlar üçün müasir tələblər var. Bu səbəbdən qərara alındı ki, həmin kompleks tələblərə cavab vermir. Onun yerində tikilən Bakı Atıcılıq Mərkəzi 20 hektara yaxın ərazini əhatə edir. Möhtəşəm bir obyektdir və texniki baxımdan müasir tələblər çərçivəsində hazırlanıb. Bu mərkəzdə atıcılığın bütün növləri ilə məşğul olmaq üçün şərait var. Hazırkı kompleksdə 300 metrlik girdə var. Amma əvvəlki kompleksdə bu cür amillər nəzərdə tutulmamışdı. Bakı Atıcılıq Mərkəzi Avropanın ən böyük və ən müasir komplekslərindən biridir. Dizayn yaxşıdır, idmançıların rahatlığı, məşqi, istirahəti üçün hər cür şərait yaradılıb.
- Bu kompleksdə gələcəkdə Yay Olimpiya Oyunlarının atıcılıq yarışlarını keçirmək olar?
- Bəli, obyekt tələblərə cavab verir. Azərbaycanda hazırda I Avropa Oyunları ilə bağlı tikilən obyektlər gələcəkdə olimpiada üçün lazım olan tələbatları da ödəyəcək.
- Bakı Atıcılıq Mərkəzində atıcılığın bütün növləri üzrə yarışlar keçirmək mümkündür. Avropa Oyunları zamanı hansı növün harada keçiriləcəyi müəyyənləşib?
- Stend atıcılığının həm dairəvi, həm də səngər növü var. Onların güllə atıcılığına heç bir aidiyyəti yoxdur. Mərkəzdə hər bir atıcılıq növünün öz yeri var. Məsələn, 10 metrlik pnevmatik tirlər qapalı sahədə yerləşir. Paltardəyişmə, silahların saxlanma anbarları və s. ayrıdır. Heç birinin digərinə maneçiliyi olmur. Sadəcə, bir hal ola bilər. Məsələn, 50 metrlik tirlərin 25 metrində yerdən hədəflər qoyulub. Yəni onlar lazım olduqda götürülür. Ancaq ola bilər ki, 25 metrlik tirdə iştirak edən idmançıların sayı çox olsun. Bu səbəbdən 50 metrlik tirlər də onlara xidmət edə bilər. Yenə də bir idmançı digərinə mane olmayacaq. 25 metrlik və 50 metrlik tirlər yarımaçıq ərazi adlanır. Yəni idmançı qapalı yerdə dayanır, qarşı tərəf isə açıq olur.
- I Avropa Oyunları zamanı atıcılıq növləri üzrə 19 dəst medal sahibini tapacaq. Bu qədər medal uğrunda yarışmağa kifayət qədər idmançınız var?
- Bütün medallar uğrunda mübarizə aparacağıq. Hansı növlə məşğul oluruqsa, həmin idman növü üzrə yerlər verilib və hamısında iştirak edəcəyik. Bu idman növündə medallar çoxdur, çünki qadınlar və kişilər həm ayrılıqda, həm də qarışıq şəkildə mübarizə aparacaq. 5 növdən hesablayanda görün nə qədər medal edir?
- Atıcılıq deyəndə ilk növbədə İradə Aşumova və Zemfira Məftəhəddinova yada düşür. Əlavə idmançıların cəlb olunması istiqamətində hansı işlər görülür?
- 2008-ci ildə stend atıcılığı məktəbi açıldı. Həmin məktəbə cavan uşaqlar dəvət olundu. Məktəbin direktoru Emin Cəfərov oldu. O da federasiyamızın digər vitse-prezidenti və stend atıcılığı üzrə yığmamızın baş məşqçisi Hafiz Cəfərovun oğludur. Bizdə səngər növü inkişaf etməmişdi. 2008-ci ildən sonra bu növ üzrə məşqlərə başlanıldı. Əvvəllər yığmada yer almış bəzi uşaqlar indi Qəbələdəki Atıcılıq Kompleksində işləyir. Hazırda xarici ölkələrdə keçirilən yarışların protokoluna baxdıqda qabağa gedən gənclərin olduğunu görərik. Ancaq onların böyük yarışlarda iştirak edib yer tutmaları üçün vaxt lazımdır. Federasiya rəhbərliyi idmançıların maddi-texniki bazasına böyük diqqət göstərir. Atıcılıqda istifadə olunan materiallar çoxdur. Hər bir atəş güllə tələb edir. Bir güllə də müxtəlif qiymətlərə, məsələn, İtaliya güllələri 30 qəpiyə gəlir. Bundan başqa, hədəfi atan aparat, hədəf. Bir dəfə atəş açmaqla 80 qəpik gedir (gülür). Heç vaxt idmançılarımız avadanlıq çatışmazlığından şikayət etməyib. Ən gözəl tüfənglər alınıb. İtaliyanın "Perazzi" firmasından alırıq. Bu markadan ancaq çempionlar, tanınmış idmançılar istifadə edir. "Perazzi" brenddir. Bizdə bütün idmançılar bundan işlədir. Sonra pnevmatik tapançalar və s. də var. Sadəcə, bir az məşqləri artırmaq və daha çox cavanları cəlb etmək lazımdır.
- Silah məsələsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edirsiniz?
- Ovçuluq baxımından edə bilərik. Həm gözəl tüfəngləri var, həm də güllə istehsal olunur. Ancaq böyük yarışlarda brend söhbəti var. Çox yerlərdə hədəflər istehsal olunur. Bizim hərbi sənayemiz inkişaf edir və gözəl silahlarımız var. İdman bir az spesifik sahədir. Bunlardan istifadə etmək üçün lisenziya verilməlidir. Bəzi ölkələr var ki, artıq onlar şəhadətnamə alıb və yarışlarda həmin məhsullardan istifadə olunur. Bu gün siz dediyiniz kimi bir əməkdaşlığımız yoxdur.
- Yəni, şəhadətnamə olsa, istifadə oluna bilər?
- Bilsək ki, bizə il ərzində ən azı 20-30 tüfəng lazımdır, o zaman sifarişimizi verə bilərik. Onlar da sifarişə uyğun avadanlıq alıb, həmin malları istehsal edə bilərlər. Zemfira Olimpiya çempionu olanda "Perazzi" ona hədiyyə silah vermişdi. Sonra yeni idmançılara federasiyamız tərəfindən silahlar verilib. Kütləvilik yoxdur deyə sifariş verilmir.
- Kütləvilik yaratmaq üçün hansı addımlar atılıb?
- Biz Olimpiya növündə ancaq yetişdirməliyik. Sportinq növündə kütləvilik ola bilər. Sportinqdə Türkiyənin "Huğlu" firmasının məhsullarından istifadə etmək olar. Ov sahəsində beşatılanlar var. Bunlar "Perazzi" kimi yüksəlməyiblər ki, yarışlarda onlardan istifadə edilsin. İmkanlar var, sadəcə, bu gün buna ehtiyac yoxdur.
- I Avropa Oyunlarında atıcılıq növü üzrə neçə ölkənin iştirakı gözlənilir?
- Avropa Atıcılıq Federasiyasının prezidenti gəlmişdi. Stendə baxdı və xoşuna gəldi. Burada Baş Assambleya keçirdi. Təxminən 46 ölkə iştirak edəcək və atıcıl növündən Rio-2016-ya lisenziya verəcək. Demək olar ki, 300-dən artıq idmançı iştirak edəcək. 15 fərdi yarışın qalibinə birbaşa lisenziya veriləcək.
- Hansı növlərdə idmançılarımız iştirak edəcək?
- 10 metrdən hava tüfəngi ilə atəşdə İradə Aşumova və Ruslan Aşumov yarışacaq. 50 metrdən tüfəng ilə uzanaraq atəşdə və digər növlərdə də idmançılarımız olacaq. Bir məsələ də var. Kimin 25 metrdən tapança ilə sürətli atəşə lisenziyası varsa, onlar 10 metrlik atəş yarışlarında iştirak edə biləcəklər.
- Legioner idmançılardan istifadə edilməyəcək?
- Xeyr.
- Legioner idmançıdan yararlanmaq digər idman növlərində geniş yayılıb. Atıcılıqda bunun olmaması səbəbi nədir?
- Bir ildən çoxdur ki, legionerimiz var. Ancaq onun Oyunlarda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Stend atıcılığının dairəvi növündə Paşa Əhədpur var. Bir tək legioner odur və federasiya ilə 5 illik müqaviləsi var. Gözəl məşq edir. Yarışlarda da yaxşı çıxış edir. Ancaq "Bakı 2015"də iştirak edəcəyini bilmirəm.
- Zemfira Məftəhəddinova və İradə Aşumova karyeralarını bitirməklə bağlı müraciət ediblər?
- Xeyr, heç bir müraciət olmayıb. Bir ara İradə dedi ki, mən karyeramı bitirib oğlumun məşqçisi olacam. Bəlkə də Oyunları gözləyir.
- Avropa Oyunlarında hədəfiniz nədir?
- Hansı idmançıdan soruşsaq, hamısı yer tutmaq istədiyini deyəcək. Azərbaycanda keçirilirsə, məsuliyyət daha da artır. Çox istərdim ki, Oyunlarda bizim idmançılarımız yer tutsunlar.
- Federasiya rəhbərliyi idmançıların qarşısına hansı məqsəd qoyub?
- İdmançılara deyilib ki, nə kömək lazımdırsa, ediləcək. Heç bir məhdudiyyət olmayıb. Hər cür şərait yaradılıb. Xarici ölkələrdə məşqlər təşkil olunub. Məqsəd də odur ki, yarışlarda yer tutulsun. Atıcılıq dəqiqliyi xoşlayır. Məsələn, stend atıcılığında 25 hədəfi vurmalısan və hamı da səni izləyir. 25 maksimum hədəfdir. Sonra final tirləri var. Əgər pnevmatikdə 8 nəfər finala çıxırsa, onlar yenidən final tirində görüşürlər. Burada xal hesabı lap dəqiqliklə hesablanır. Yaradılan şərait həm federasiya, həm də idmançılar qarşısında məqsəd olmalıdır. Üstəlik, yarışlarda yer tutanda həm valideyn, həm də cavanlarda daha çox həvəs yaranır. Müharibə şəraitində olan ölkəyik. Buna görə də atıcılığı inkişaf etdirmək lazımdır. Xüsusilə də rayonlarda buna ehtiyac var. Salyanda sportinq üzrə iki meydança açdıq. 2013-cü ildə Qran-Pri yarışı keçirdik və 12 ölkə iştirak etdi. Bu, qonaqların çox xoşuna gəldi. Bundan başqa, bir neçə Qran-Pri də keçirdik və bunun nəticəsində gələn ildə keçiriləcək Avropa çempionatını bizə verdilər. Bunlar da ölkəyə xeyirdir. Gələn qonaqların hərəsi Azərbaycanda 1000 dollar xərcləsə, ölkəyə xeyir verəcək.
- Erməni atıcılarının da gələcəyi gözlənilir...
- Onlar atıcılıqda bizim qədər inkişaf etməyiblər. Azad Rəhimov deyib ki, təhlükəsizlikləri təmin olunacaq. Bu idmandır, necə olacağını deyə bilmərəm. Gələnlər hamısı bizə təəccüb edirlər. Rusiyalılar gəlmişdi ovçuluqla bağlı. Onlar dedilər ki, sizdə heç nə qorxulu deyil, hər şey yaxşıdır. Bizdə də belədir.