Bakı. 5 may. REPORT.AZ/ Qətərdə "Bakı 2015" I Avropa Oyunlarının təqdimatı keçirilib. "Report"un Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdimat mərasimi sabah Dohada start götürəcək güləş üzrə böyüklər arasında Asiya çempionatından öncə Dünya Güləş Birliyi Asiya Şurasının növbəti Konqresində baş tutub.
Əvvəlcə Avropa Oyunlarına hazırlıqdan bəhs edən video və fotoslayd nümayiş etdirilib. AGF-nin I vitse-prezidenti Namiq Əliyev Oyunlara hazırlıq işləri və onun dünya idmanı tarixində əhəmiyyəti barədə ətraflı məlumat verərək, Azərbaycanın bu tarixi hadisəyə ciddi hazırlaşdığını bildirib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqətdə saxladığını qeyd edən AGF rəsmisi Oyunların təşkili üçün tikilən və yenidən qurulan idman arenaları barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün yerli və xarici mütəxəssislərin təcrübəsindən faydalanıb.
N.Əliyev bildirib ki, iki il öncə bir çoxları üçün mümkünsüz görünən işlər həyata keçirilib. Bir çox idman obyektləri ilk dəfə tikilib, bəziləri təmir edilərək yenidən qurulub. Milli Gimnastika Arenası, Su idmanı Sarayı, açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi Olimpiya stadionu tikilib istifadəyə verilib. Əl Oyunları İdman Sarayı, Heydər Əliyev adına İdman Sarayı müasir dövrün tələblərinə uyğun təmir edilib: "Azərbaycanda buna qədər də müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar, Avropa və dünya çempionatları keçirilib. Ölkəmiz təşkilatçılıq baxımdan zəngin təcrübəyə malikdir. Əminik ki, I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Tarixdə ilk dəfə keçirildiyi üçün Avropa Oyunlarının standartı məhz Azərbaycanda formalaşdırılacaq. Bir ay sonra Bakıda həm təşkilatçılıq baxımdan, həm də Oyunların standartı baxımından dünya idmanı tarixində yeni bir səhifə yazılacaq".
Konqresdə gündəlikdə duran məsələlər müzakirə olunub.
Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Güləş yarışları 13 - 18 iyunda Heydər Əliyev adına İdman Sarayında baş tutacaq və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.