Nazir I Avropa Oyununun açılış və bağlanış mərasimlərində göstərilən səhnələrin necə hazırlandığını açıqlayıb
Nazir I Avropa Oyununun açılış və bağlanış mərasimlərində göstərilən səhnələrin necə hazırlandığını açıqlayıb"Onlar uzun müddət Azərbaycanın kitabxanalarında, muzeylərində olublar, tarixi abidələri ziyarət edib milli musiqiləri dinləyiblər"
Bakı. 2 iyul. REPORT.AZ/ "I Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimi həqiqətən möhtəşəm oldu. İnanırıq ki, hələ uzun müddət Azərbaycanın bu uğuru ilə bağlı müzakirələr aparılacaq". "Report" xəbər verir ki, bu fikirləri Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Azərbaycan öz tarixini, mədəniyyətini, incəsənətini, tolerantlığını, qonaqpərvərliyini və idman tarixini dünyaya nümayiş etdirib: "Dünyanın bir çox dövlətlərinin KİV-i hər iki mərasimlə bağlı ətraflı yazılar dərc etdilər. Onu da deyim ki, biz komanda olaraq bu işin öhdəsindən gəldik. Hər şey uğurlu sonluqla yekunlaşdı".
Bu mərasimlərə cəlb olunan əcnəbi mütəxəssislərin hazırladıqları bütün layihələrə Təşkilat Komitəsinin rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın nəzarət etdiyini diqqətə çatdıran nazir bildirib ki, həmin mütəxəssislər müxtəlif layihələri, ideyaları təqdim etməmişdən öncə uzun müddət Azərbaycanın kitabxanalarında, muzeylərində olublar, tarixi abidələri ziyarət edib milli musiqiləri dinləyiblər: "İlk günlər onlar Qara Qarayevin, Fikrət Əmirovun kompozisiyalarını dinləyirdilər. Bakıda bütün mədəniyyət ocaqlarımıza baş çəkib özləri üçün faktlar toplayırdılar. Sonra isə ideyalarını hazırlayıb Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim edirdilər. Təşkilat Komitəsinin rəhbəri öz əlavələrini, düzəlişlərini edirdi və ondan sonra səhnələr hazırlanırdı. Əminik ki, nümayiş olunan bütün səhnələr, şoular xalqımızın ürəyincə olub. Bir sözlə həm açılış, həm bağlanış mərasimi ilə Azərbaycan dünyaya öz gücünü, qüdrətini nümayiş etdirə bildi".