Yuxarı

​Moskvada Mehriban Əliyevanın iştirakı ilə "Bakı-2015" I Avropa Oyunlarının təqdimatı olub

Avropa Oyunları Yay Olimpiya Oyunları ilə eyni səviyyədə keçiriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 10-da Moskvada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə "Bakı-2015" I Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, tədbirdə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin, baş nazirin müavini Arkadi Dvorkoviç, məşhur idmançılar Vladislav Tretyak, İrina Rodnina, Anatoli Karpov, iş adamı Alişer Usmanov, VTB bankın rəhbəri Andrey Kostin, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, onun birinci müavini Mixail Qusman və digər siyasətçi, iş adamı, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək.

"Mən bizim Oyunları dost Rusiyada təqdim edə biləcəyimizə şadam. Rusiyanın tədbirdə iştirak edən hökumət, biznes və idman nümayəndələrini salamlamaq istəyirəm. Rusiya və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi üçün etdiklərinizə görə minnətdaram. Ardınca gələnlər üçün səviyyə, standart müəyyən edəcək ilk Avropa Oyunlarını keçirmək bizim üçün böyük şərəf və məsuliyyətdir. Əminəm ki, Avropa Oyunları Yay Olimpiya Oyunları ilə eyni səviyyədə keçiriləcək" , - deyə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib.

O qeyd edib ki, ölkədə bütün idman obyektləri tikilib və yarışlara hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi