​Mirzə Orucov: "Badmintonçularımızın Avropa Oyunlarında medal qazanması çətin olacaq" - MÜSAHİBƏ

​Mirzə Orucov: "Badmintonçularımızın Avropa Oyunlarında medal qazanması çətin olacaq" - MÜSAHİBƏ "Bu Oyunlar idmançılarımıza özlərini sübut etmək üçün çox böyük şans yaradacaq"
Avropa Oyunları
15 May , 2015 12:07
​Mirzə Orucov: Badmintonçularımızın Avropa Oyunlarında medal qazanması çətin olacaq - MÜSAHİBƏ

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Badminton Federasiyasının baş katibi Mirzə Orucovun "Bakı 2015" I Avropa Oyunları ilə bağlı "Report"a müsahibəsi:


- "Bakı 2015"də Azərbaycanı təmsil edəcək badmintonçular müəyyənləşib?

- Yarışlarda bizim 2 idmançımız - Orxan Qələndərov və Kənan Rzayev iştirak edəcək. Qələndərov həm fərdi, həm də Rzayevlə birgə qoşa yarışlara qatılacaq. İnanıram ki, onlar Oyunlarda yaxşı çıxış edəcəklər.

- Qadınların mübarizəsində təmsil olunmamağınız nə ilə əlaqədardır?

- Bu yarışlarda bizə 2 yer veriblər. Qadınların nəticələri zəif olduğundan, belə qərara gəldik ki, yarışa 2 ən güclü kişi idmançımızı buraxaq. Bu səbəbdən, qarışıq yarışda iştirak etməyəcəyik.

- Digər iştirakçı ölkələr neçə idmançı ilə təmsil olunacaq?

- Badminton idman növündə elədir ki, fərdi yarışlara qatılan idmançı qoşa və qarışıq növlərdə də çıxış edə bilər. Yaxud qoşa mübarizədə yer alan badmintonçu digər yarışlarda olmaya bilər. Bu səbəbdən hansısa rəqəmi demək çətindir. Amma Bakıya təqribən 160-dək badmintonçunun gəlişi gözlənilir. 

- Avropa Oyunlarına hazırlıq məqsədilə hansı işlər görülür?

- Bu yarışlara çox ciddi hazırlaşırıq. Fevralda İranda keçirilmiş beynəlxalq turnirdə iştirak etmişik. Bundan başqa idmançılarımız Polşa və Rumıniyadakı turnirlərə qatılıblar. Aprelda Hollandiya və Yunanıstanda yarışıblar. Qarşıda isə Türkiyə toplanışı var.

- Qeyd etdiyiniz beynəlxalq turnirlər iştirakçı ölkələrə nə qazandırır? Yəni hansısa reytinq xalı gətirir?

- Bu turnirlər A kateqoriyalı turnirlərdir və burada iştirak reytinq xalını artırır. Reytinq xalı çox olan idmançılar da bu yarışlarda iştirak edə bilərlər. Sırf idmançının reytinq xalını artırması üçün bunlar mühüm yarışlardır.

- Azərbaycan badmintonçularının Avropa Oyunlarındakı şanslarını necə dəyərləndirirsiniz?

- Medal qazanmaq çətin olacaq. Ancaq inanıram ki, idmançılarımız bütün bacarıqlarını nümayiş etdirəcək və uğurlu nəticə əldə olunacaq.

- Legioner cəlb edib, daha çox idmançı ilə təmsil olunmaq olmazdı?

- Əlbəttə, bu haqda düşünmüşük. Ancaq böyük ehtimalla Avropa Oyunlarından sonra bu işlərlə məşğul olacağıq.

- Badminton idmanı Azərbaycanda kütləviləşməyib. Bu baxımdan, hansı addımlar atılıb?

- Bizim də arzumuz odur ki, bu idman növü bölgələrdə yayılsın. Oraya mütəxəssislər cəlb olunsun, badminton daha çox populyarlıq qazansın və inkişaf etsin.

- Bu barədə federasiya rəhbərliyi və ya Gənclər və İdman Nazirliyi ilə söhbət aparmısınız?

- Söhbətimiz olub. Məşqçilərimiz bölgələrə ezam olunub, badmintonu əyani nümayiş etdiriblər.

- Kamal Abdullanın Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsindən sonra prezident kimi federasiyaya diqqəti azalmayıb?

- Xeyr, hər şey qaydasındadır. Fürsətdən istifadə edərək, gənclər və idman naziri Azad Rəhimova minnətdarlığımı bildirirəm. Son 2-3 ayda bizə böyük köməklik göstərilir. Lazım olan ləvazimatlar alınır, səfərlərə getmək üçün şərait yaradılır.

- Badminton federasiyasının inzibati binası yoxdur. İdmançılar Bakı Slavyan Universitetində məşq edirlər. Federasiyaya bina verilməsi məqsədilə Azad Rəhimovla danışmamısınız?

- Xeyr, bu haqda söhbətimiz olmayıb. Ancaq biz də istərdik ki, federasiyamızın binası, məşq zalları olsun. Hazırda yalnız Bakıda fəaliyyət göstəririk və təxminən 250-300 badmintonçumuz var.

- Avropa Oyunlarında badminton yarışları Bakı İdman Zalında keçiriləcək. Federasiya rəsmisi olaraq idmançılarınızı hansı şəraitdə yarışacağı ilə maraqlanmısınız?

- Kompleks hələ istifadəyə verilməyib. Ancaq baxmışam və şəraitlə tanışam.

- "Bakı 2015" Azərbaycan idmanına nə qazandıracaq?

- Avropa Oyunlarının Azərbaycanda keçirilməsini bayram kimi qəbul edirik. Bu, bizim idmançılara özlərini sübut etmək üçün çox böyük şans yaradacaq. Çətin olacaq, amma bütün idmançıların arzusu odur ki, bu yarışlarda yaxşı yerlər tutsunlar.

Son xəbərlər

Orphus sistemi