Bakı. 19 noyabr. REPORT.AZ/ Kann, Afina və Berlindən sonra “Bakı-2015” ilk Avropa oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib.
"Report" AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri iştirak ediblər. Qonaqlar əvvəlcə “Baku-2015”-ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltaraşımızın əsərləri nümayiş etdirilib. Onların hər biri müxtəlif cərayanları nümayiş etdirməklə özlərində ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirirdi.
Sonra qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar. Burada da ölkəmizin regionları ilə yanaşı, Bakının müxtəlif mənzərələri, o cümlədən Azərbaycanın mədəniyyətinin şah əsərləri fotolar vasitəsilə yüksək səviyyədə təmsil olunurdu.
Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuza söykənir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara dəstək xarakteri daşıyır. Təsadüfi deyil ki, 2002-ci ildən 36 beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda ən son 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik müstəqilliyi dövründə 200-dən artıq atletlə yay və qış olimpiya oyunlarında təmsil olunan ölkəmiz bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdağanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunur və bu təqdimatın əhəmiyyəti vurğulanır.
Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etmişdir.
Birinci xanım Mehriban Əliyevanın çıxışı
Hörmətli Xanımlar və cənablar!
Əziz dostlar.
Əziz qonaqlar.
Qardaş Türkiyədə yenidən olmağımdan çox mutluyam. Minillik tarixə malik və dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda bu gecə sizləri görmək və salamlamaq mənim üçün çox xoşdur. Çox sağ olun ki, bu axşam bizimlə birlikdəsiniz. Birlik kəlməsi türk və Azərbaycan xalqlarının xislətini əks etdirir. Birlik və qardaşlıq dövlətlərarası əlaqələrin də əsasıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm tellər birləşdirir. Baxmayaraq ki, keçmiş sovet dövründə, 70 il ərzində əlaqələr süni şəkildə kəsilmişdir, xalqlarımızın qəlbində qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır.
Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə dünyada ən yaxın və ən qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir.
Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz arasında əlaqələr də bərpa olundu və tamamilə yeni səviyyəyə qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız bütün sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə düşür. Bizim əlaqələrimiz mədəni, təhsil sahəsini də əhatə edir. Yüzlərlə azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində, universitetlərində təhsil alır. Azərbaycan ilə Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurublar. Azərbaycan-Türkiyə birliyi yaşadığımız bölgədə sabitləşdirici amildir. Bizim birgə həyata keçirdiyimiz irimiqyaslı layihələr, istər enerji sektorunda, istər nəqliyyat sektorunda nəinki bölgə üçün, dünya üçün böyük önəm daşıyır. Türkiyə ilə Azərbaycan TANAP layihəsinin aparıcı qüvvəsidir. Gələn il istifadəyə verilən Bakı - Tbilisi – Qars dəmir yolu Avropa ilə Asiyanı bağlayacaq. Bütün bu uğurlu layihələrin, uğurlu proqramların təməlində xalqlarımızın qardaşlığı, dövlətlərimizin iradəsi durur. Biz Azərbaycanda Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik. Sevinirik ki, Türkiyə son on il ərzində sürətli inkişaf və tərəqqi yolu ilə gedir. Türkiyə böyük iyirmilərin üzvü olaraq dünya problemlərinin həllinə öz töhfəsini verir.
Azərbaycan da son on il ərzində dünyanın ən yüksək sürətlə inkişaf edən ölkəsinə çevrilib. Son on il ərzində iqtisadi artım 3 dəfədən çox olub, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluğun və işsızlıyin səviyyəsi beş faizə enib. Ölkədə on il ərzində 3000 –dən çox yeni məktəb binası inşa olunub və təmir edilib. Tarixi və mədəni abidələr bərpa olunur, eyni zamanda, yeni mədəniyyət ocaqları, muzeylər, sərgi salonları qurulur. Azərbaycanın beynəlxalq mövqeyi ildən ilə möhkəmlənir və bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Heç də təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə və böyük dəstəklə qarşılanıb.
Əziz dostlar, ona baxmayaraq ki, olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa oyunları keçirilməyib. Tarixə ilk Avropa oyunları kimi daxil olan belə iri miqyaslı yarışmaları qəbul etmək, hazırlamaq və keçirtmək əlbəttə bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdmana, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyunlardan oyuna qazanılan medalların sayı artmaqdadır. Son yay olimpiya oyunlarında bizim yığma komandamız ikisi qızıl olmaqla on medal qazanaraq, bu nəticə ilə Avropa ölkələri arasında 15-ci yerdə, ümumi iştirakçılar arasında isə 30-cu yerdə olublar. Ölkədə idman infrastrukturunun inşasına, müasirləşməsinə də böyük diqqətlə yanaşılır.
Son on il ərazində Azərbaycanda, Azərbaycanın bölgələrində 50-dən çox yeni müasir olimpiya mərkəzləri tikilib. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən ilə artır və onların qarşısında yeni perispektivlər, yeni imkanlar açılır. Bu il Çində keçirilən yeniyetmələrin olimpiya oyunlarında bizim gənc atletlərimiz 5-i qızıl olmaqla, 12 medal qazanaraq iki yüzə yaxın ölkənin arasında onuncu yeri tutublar. Ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Azərbaycanda müxtəlif idman növlərindən olan dünya və Avropa çempionatları keçirilir və həm idmançılar tərəfindən, həm də idman ictimaiyyəti tərəfindən bütün bu tədbirlərin ən yüksək səviyyədə hazırlığı qeyd olunur. Bir sözlə, bütün bu faktorları nəzərə alaraq idmançılarımızın, atletlərimizin nailiyyətləri, dövlət tərəfindən idmanın inkişafına möhkəm dəstək, mövcud olan idman infrastrukturu və əlbəttə ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini nəzərdə tutub. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək, iyirmi idman növündə yarışmalar keçiriləcək.
Birinci Avropa Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən edəcək. Ona baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları yay olimpiya oyunları səviyyəsində keçirtmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Və ümidvaram ki, birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək.
Sonda əziz qonaqlar, mən fürsətdən istifadə edərək sizi birinci Avropa Oyunlarını izləmək üçün Azərbaycana - Bakıya dəvət etmək istəyirəm.
Bir daha bu axşam bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. İstanbul şəhəri mənim üçün çox doğma və əziz şəhərdir. Və bu şəhərin təkrarolunmaz ab-havasını, onun gözəl təbiəti, onun unudulmaz tarixi və mədəni abidələri ilə yanaşı sizlər, bu şəhərdə yaşayan insanlar yaradıb və ona görə sizə, isti qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm.
Qardaş Türkiyəyə sülh, əmin- əmanlıq və gələcək uğurlar arzu edirəm.
X X X
Daha sonra mərasim iştirakçıları “Bakı-2015”-ə həsr olunan filmə baxıblar. Filmdə ilk Avropa oyunlarına hazırlıq işləri, Bakıda yaradılan idman infrastrukturu və digər tədbirlər barədə geniş məlumat verildi.
Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən idman sahəsində böyük inkişafa nail olduğunu qeyd edib. Bildirilib ki, Türkiyə ilə Azərbaycanın daim bir-birilərinə dəstək verməsi ölkələrimizin qardaşlıq bağlarını daha da möhkəmləndirib və bu gün hər iki ölkə bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər.
“Bakı-2015”- in təqdim olunduğu şəhərlər sırasına İstanbulun da daxil olmasını yüksək qiymətləndirən Akif Çağatay Kılıç qısa vaxtda oyunlara hazırlıq işlərinin sürətlə davam etməsinin sevindrici hal olduğunu diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, ilk Avropa Oyunları qitənin tarixinə parlaq hadisə kimi düşəcək.
Tədbirin sonunda Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu öz ifaları ilə qonaqlara xoş anlar yaşatdılar.
Qeyd edək ki, Avropa Oyunları 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis olunub və Avropa Olimpiya komitələrinin yekdil qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında oyunlara ev sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb.
Türkiyə mediası Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə geniş məqalələr dərc edib.
Artıq indidən demək olar ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları qitənin həyatında xoş bir həyacan yaradıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində idmançılara özlərini sınamaq fürsəti yaradan “Bakı-2015”in İstanbul təqdimatı da bu fikri bir daha təsdiqləyir. Və bir maraqlı faktı da gündəmə gətirir ki, ilk dəfə baş tutacaq bu oyunların həyəcanı Avropanın həyatına məhz Bakıdan daxil olur.