Yuxarı

Mehriban Əliyeva: "Azərbaycan ən yüksək standartlara uyğun idman tədbiri keçirdi"

Son 17 gün hər zaman xatirimizdə qalacaq

Bakı. 28 iyun. REPORT.AZ/ İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva nitq söyləyib.

“Report”un məlumatına görə, M.Əliyeva əvvəlcə fəxri qonaqları və tamaşaçıları salamlayıb. O, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən fərəh hissi duyduğunu vurğulayıb: “Qürur hissi duyuruq ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbiri keçirdi”.

Ötən 17 günün Azərbaycanın tarixində əlamətdar və yaddaqalan günlər olduğunu vurğulayan Mehriban Əliyeva Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. O, eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edib

Mehriban Əliyeva nitqini bu sözlərlə tamamlayıb: “Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.

Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.

Atletlər, sağ olun!

Dostlar, sağ olun!

Azərbaycan, sağ ol!”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi