Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfirliyinin və Litva Olimpiya Komitəsinin təşkilatçılığı ilə Vilnüs şəhərində “Bakı 2015” I Avropa oyunlarının təqdimatı keçirilib.
Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirə Litvanın baş naziri Alqirdas Butkyaviçüs, Seymin üzvləri, Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs, Litva Olimpiya Komitəsinin prezidenti, Litvanın siyasi-ictimai və idman xadimləri, tanınmış idmançılar iştirak ediblər .
Tədbirdə çıxış edən Alqirdas Butkyaviçüs Azərbaycan ilə Litva arasında iqtisadi və humanitar sahələrdə mövcud olan dərin münasibətlərdən məmnun olduğunu qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə bir il ərzində beş dəfə görüşdüyündən fərəh duyduğunu vurğulayıb. Baş nazir hökumətin rəhbəri kimi Litva bayrağının Bakıda qaldırılmasının onun üçün vacib olduğunu bildirib və idmançılara uğurlar arzulayıb.
Səfir Həsən Məmmədzadə çıxışında birinci Avropa Oyunlarının başlanmasına artıq 100 gün qaldığını qeyd edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1996-cı ildən başlayaraq olimpiya oyunlarında iştirak etdiyini və bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanındığını bildirib. O, qısa bir zamanda idmançılarımızın böyük nailiyyətlər əldə etdiyini və son yay olimpiya oyunlarında Azərbaycanın milli komandasının 10 medal qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda səfir birinci Avropa oyunlarının Avropanın idman tarixində yeni səhifələr açacağına əmin olduğunu qeyd edib.
Eddis Urbonaviçüs çıxış edərək bildirib ki, həqiqətən də birinci Avropa Oyunları böyük çağırış və perspektivdir. O, yarışın gələcəkdə də yüksək səviyyədə keçməsi üçün başlanğıcın vacib olduğunu qeyd edərək, Azərbaycanlı həmkarlarına birinci Avropa Oyunlarının hazırlığında və keçirilməsində müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə həmçinin Avropa Oyunları haqqında videoçarx nümayiş olunub.