Belarus Güləş Federasiyasının prezidenti, olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov "Minsk 2019" II Avropa Oyunlarına ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Təcrübəli mütəxəssis "Report"un da suallarını cavablandırıb...
- II Avropa Oyunlarının, o cümlədən güləş yarışının gedişini necə dəyərləndirirsiniz?
- Özünüz gördüyünüz kimi, güləş yarışının keçirildiyi İdman Sarayının şəraiti yaxşıdır. Kimin çempionu olub-olmayacağı döşəkdə dəqiqləşəcək. Düşünürəm ki, Azərbaycan millisi Rusiyadan sonra ikinci ən güclü komandadır. Postsovet ölkələrinin güləşçiləri həmişə fərqlənib. Azərbaycan yığmasının üzvləri ilk gündə 4 medal şansı qazanıblar. Onlara uğurlar arzulayıram. Bizim - Belarus komandasının da bir güləşçisi finala yüksəlib, digəri bürünc üçün mübarizə aparacaq.
- I Avropa Oyunlarında da iştirak etmişdiniz. "Minsk 2019"da hansı fərqləri görürsünüz?
- Gəlin onları bir-birindən ayırmayaq. Hər ölkə özünü yaxşı tərəfdən göstərmək istəyir. I Avropa Oyunları çox yaxşı keçmişdi. Belarusda da inkişaf gedir. Turist sayı baxımından da irəliləyiş hiss olunur.
- Bəs təşkilatçılıq baxımından hansı fərqlər var?
- Bakıda yeni idman obyektləri inşa olunmuşdu. Burada da bəzi obyektlərdə müəyyən yeniliklər edildi. Şəhər gözəlləşdirilib. Ümumiyyətlə, Minsk gözəldir. Əvvəl elə bilirdik ki, təşkilatçılıq asan başa gələcək. Amma işin içində olduqca görürsən ki, çətin məqamlar da olur. Bütün işləri, təxminən, iki ilə sığışdırdıq. Avropa Oyunlarının açılışı gec saatlarda olsa da, mərasim çox yüksək səviyyədə baş tutdu. Mən çox yerdə, çox açılışda olmuşam. Fikirləşirdim ki, Minskdəki elə də yaxşı alınmayacaq. Amma əla alındı.
- Sizcə, Avropa Oyunları ideyası özünü nə dərəcədə doğruldur?
- Beynəlxalq Olimpiya Komitəsi Avropa Olimpiya Komitələrini, onların keçirdikləri yarışları sanki görmək istəmir. Məsələn, Asiya Oyunları həmişə olub. Panamerika, Afrika Oyunları da həmçinin. Amma III Avropa Oyunlarının Polşada keçiriləcəyi rəsmiləşsə də, ona dırnaqarası baxırlar. Çünki bəzi varlı ölkələr Avropa Oyunlarını keçirmək istəmirlər. Bu Oyunların da qəbul edilməsi üçün zamana ehtiyac var. Avropanın buna bir qədər öyrəşməsi lazımdır. Onlar bir az ağır tərpənirlər. Amma burada hamı bir-birinə dəstək olur, əl tutur. Bu cəhətdən çox yaxşı işlədik. Ölkə prezidenti Aleksandr Lukaşenko tapşırıq vermişdi, nazirliklər də onun icrası ilə məşğul idilər.
- Belarus Güləş Federasiyasının prezidentisiniz. Burada güləşin durumu nə yerdədir?
- Sərbəst güləşlə yanaşı, qadınlardan ibarət millimiz də güclənib. Yunan-Roma güləşində isə inkişaf gedir. Belaruslu Aleksandr Medved üçqat Olimpiya çempionudur. Hazırda 81 yaşının olmasına baxmayaraq, yenə də bizimlədir. Yarışları da izləyir.
- Azərbaycan güləşini də diqqətdə saxlayırsınızmı?
- Onları daim diqqətdə saxlayıram. Hansı idmançının kiminlə güləşəcəyini bilirəm. Azərbaycan güləşi də Sovet məktəbinin tərkib hissəsidir.
- Müəyyən müddət Belarus yığmasının baş məşqçisi idiniz. Prezident olmağınız necə rəsmiləşdi?
- 20 ilə yaxın yunan-Roma millisinin baş məşqçisi oldum. Daha sonra mənə federasiya prezidentliyi təklif edildi. Mən də dedim ki, görüm prezident olmağı bacarıram, ya yox. Gördüm ki, bacarıram (gülür).
- Adətən, federasiya rəhbərləri imkanlı şəxslər olur...
- Burada federasiyalara hökumət köməklik edir. Bundan başqa, əlavə sponsorumuz var.