Bu gün Belarusda “Minsk 2019” II Avropa Oyunlarının medalları təqdimat mərasimi keçirilib.
“Report”un məlumatına görə, paytaxtdakı “Mir” qəsrindəki tədbirdə qızıl, gümüş və bürünc medallar nümayiş etdirilib.
Klassik dairəvi formada olan medalların diametri 9,5 sm, qalınlığı, 9,5 mm-dir. Bu, Belarus əhalisinin sayının 9,5 milyon olmasına işarədir. Mükafatların çəkisi 540 qramdır. Medalların korpusu xüsusi tompak metalı ilə örtülüb. Onların hazırlanmasında 24 karat qızıl və 999 əyarlı xalis gümüş və bürüncdən istifadə olunub. II Avropa Oyunları üçün ümumilikdə 1084 ədəd – 329 qızıl, eyni sayda gümüş və 426 bürünc medal hazırlanacaq. Hər bir medalın əks üzündə onu əldə edən şəxsin çıxış etdiyi idman növünün rəmzi əks olunacaq.
Həmçinin II Avropa Oyunlarına gələcək ölkələrin nümayəndə heyətləri və rəsmi şəxsləri üçün xatirə medalı hazırlacaq. Bunlar yarışlarda idmançılara verilmiş medalların kiçildilmiş surəti olacaq.
Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.