Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının ən yaxşı idmançıları açıqlanıb.
“Report” xəbər verir ki, onların adları Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının XXVI Baş Assambleyasında elan olunub.
“Minsk-2019”da 2 qızıl və 1 bürünc medal qazanmış italiyalı oxatan Mauro Nespoli ən yaxşı kişi idmançı seçilib. Qadınlar arasında isə bu ada 3 qızıl, 1 gümüş və 1 bürünc medal götürən rusiyalı gimnast Dina Averina layiq görülüb.
Xüsusi mükafatı Averinaya Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yaneş Kotsiyançiç verib. Nespolini isə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov təltif edib.
Nespoli Bakı-2015 I Avropa Oyunlarının da qalibi olduğu halda, Averina ötən ay Azərbaycan paytaxtında keçirilmiş bədii gimnastika üzrə dünya çempionatında 5 qızıl və 1 bürünc medal qazanıb. O, ötən il Milli Gimnastika Arenasında baş tutmuş Avropa çempionatında isə 3 qızıl və 1 gümüş medal əldə edib.
II Avropa Oyunları 20 - 30 iyunda keçirilib.
Qeyd edək ki, 25 – 26 oktyabrda Polşanın paytaxtı Varşavada EOC-un 48-ci Baş Assambleyası baş tutacaq. Təbdirin proqramına II Avropa Oyunlarının nəticələrinin müzakirəsi və 2023-cü ildə Krakovda keçiriləcək III Avropa Oyunlarının təşkili məsələləri daxildir.