Belarusda keçiriləcək "Minsk-2019" II Avropa Oyunlarında idmançıların dopinq testlərinə Avropa Olimpiya Komitələri (EOC) nəzarət edəcək.
"Report" STV-yə istinadən xəbər verir ki, bu barədə Belarus Milli Antidopinq Agentliyinin direktoru Denis Mujjuxin məlumat verib.
Onun sözlərinə görə, II Avropa Oyunlarında iştirak edən idmançıların dopinq tesləri Vyana laboratoriyasına göndəriləcək: "EOC laboratoriya nəticələrini alacaq və böyük ehtimalla Ümümdünya Antidopinq Agentliyi (WADA) nəticələri bilməyəcək. Nümunələr 10 il ərzində saxlanıla bilər".
Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. Oyunlarda 50 ölkənin 4 mindən çox idmançısı 15 idman növündə 200 dəst medal uğurunda mübarizə aparacaq. I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.