Bakı. 2 fevral. REPORT.AZ/ Gimnastikanın akrobatika növü üzrə Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanovanın "Report"a müsahibəsi:
- Öncə akrobatika gimnastikası barədə məlumat verərdiniz...
- Akrobatika da idman, bədii və batut kimi gimnastikanın bir növüdür. İndi bu növlə geniş məşğul olurlar. Amma akrobatika və aerobika qeyri-olimpiya növüdür və "Bakı-2015" I Avropa Oyunlarının proqramına əlavə idman növü kimi salınıb. Gimnastikanın bütün növlərində akrobatikanın hərəkətlərindən istifadə olunur. Bundan başqa güləş və cüdoda akrobatik elementlərdən yararlanırlar.
- Əksərən kişiləri futbolda, güləşdə və digər idman növləri ilə məşğul olarkən görmüşük. Akrobatika güclü cinsin nümayəndələrində kompleks yaratmır?
- Ümumiyyətlə akrobatika ilə məşğuliyyət həm qız, həm də oğlan üçün problemdir. Qızlar akrobatika ilə məşğul olanda deyirlər ki, güclü olurlar və oğlana oxşayırlar. Oğlanlarda isə əksinə, deyirlər qıza bənzəyirlər. Bu səbəbdən, akrobatikada çox qalan olmur. Əsasən də oğlanlar digər idman növlərinə yönəlirlər. Qalanlar da bu idman növünü sevməyə başlayandan sonra akrobatikanın gözəl olduğunu anlayırlar. Bizdən ayrılan oğlanlar gedib güləş, karate və digər döyüş idmanı növü ilə məşğul olur, qısa müddətdə də uğur qazanırlar.
- Akrobatika növünün təbliğatı necə gedir, bundan razısınız?
- Bu işlə Azərbaycan Gimnastika Federasiyası məşğul olur. Hər şey qaydasındadır. Bununla bağlı elanlar, plakatlar vurulur. Televiziyalarda reklam olunur, amma əvvəl belə şeylər olmamışdı. Çempionatlar keçirilir ki, bu da piar işlərinin bir növüdür. Yeni zallar tikiləndən sonra valideyn və başqa qonaqlara dəvətnamələr göndəririk. Bu da gimnastikanın inkişafını göstərir.
- Hazırkı tələbələrinizin sayı sizi qane edir?
- Təbii ki, yığmanın baş məşqçisi kimi onların çox olmalarını istərdim (gülür). Hələ ki, idmançıların sayı yaxşıdır. Komandada 2-3 il məşq edən idmançılar çox, təxminən 8-10 il məşq edənlər azdır. Amma yenə də daha çox olmasını istəyərdim. Çünki axıra kimi getmək çətindir.
- Akrobatika növü üzrə hansı yarışlar keçirilir?
- Dünya və Avropa çempionatları, Dünya Oyunları olur. I Avropa Oyunlarının proqramına gimnastikanın bu növünü də daxil ediblər. Dünya Oyunları da bizim olimpiadadır. 4 ildən bir keçirilir və biz də lisenziya qazanıb, iştirak edirik.
- Avropa Oyunlarına qədər hansı yarışlarda iştirak nəzərdə tutulub?
- Mart və mayda üst-üstə 3 Dünya Kuboku olacaq. Martda həm də Bakı birinciliyi keçiriləcək. Buna görə də həmin ay keçiriləcək Dünya Kubokuna qatıla bilməyəcəyik. Maydakı hər iki Dünya Kubokunda isə mübarizə aparacağıq.
- İndiyədək Azərbaycanda akrobatika gimnastikası üzrə böyük yarış keçirilməyib. Birdən-birə Avropa Oyunlarında belə bir yarışın təşkili sarıdan problem olmayacaq?
- İnanmıram ki, hansısa çətinlik olsun. Çünki federasiyamızın zəngin təşkilatçılıq təcrübəsi var. Sadəcə, 5 növ üzrə yarışları keçirmək bir az çətin ola bilər.
- Avropa Oyunlarında akrobatika üzrə yarışlarda 55 idmançı çıxış edəcək. Onlardan neçəsi Azərbaycanı təmsil edəcək?
- 5 idmançımız çıxış edəcək. Oğlan və qız idmançılardan ibarət qarışıq cütlük və 3 qızdan ibarət qrup olacaq. Qarışıq cütlükdə Ulyana Dyakova və Anatoli Leonov, qadınlar qrupunda isə Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynova çıxış edəcək.
- Bu idmançıların neçəsindən medal gözləyirsiniz?
- Ən böyük arzumuz medal qazanmaqdır. Neçə medal olacağını deyə bilmərəm, amma şansımız var. Gimnastlarımızın nəyə qadir olduqlarını bilirəm. Həm qrup, həm də qarışıq cütlükdən medal gözləyirəm. Medal qazanmamağın mümkünlüyü barədə düşünmək istəmirəm. Ən azı bir medal əldə etmək istəyirik. Uşaqlara da bu barədə xəbərdarlıq etmişəm. İdmançılarımız məşqlərə çox ciddi yanaşırlar. Səhərdən axşamadək çalışırıq.
- Avropa Oyunlarına hazırlıq məqsədilə xüsusi məşq planı var?
- Bakıda keçirildiyi üçün məsuliyyət çoxdur. Hazırlıq planına gəldikdə, bu idman növü elədir ki, ciddi hazırlaşmasan, uğur qazana bilməzsən. Ona görə də digər yarışlara necə ciddi hazırlaşırıqsa, Avropa Oyunlarına da o cür yanaşırıq.
- Komandanızın təlim-məşq toplanışları nə vaxt olacaq?
- Fevralın 1-dən təlim-məşq toplanışı başlayacaq. Avropa Oyunlarına qədər hazırlığı davam etdirəcəyik. Martda keçiriləcək açıq çempionata qədər məşq etdikdən sonra qısa müddətli fasilə olacaq. Fasilə tam istirahət anlamına gəlmir. Sadəcə, yüklənmə, məşqlər bir az azalacaq. İdmançını da çox yükləmək olmaz. Amma Novruz bayramından sonra dayanma söhbəti olmayacaq. İdmançıları həm psixi, həm də fiziki cəhətdən normada saxlamaq lazımdır.
- Toplanışı xarici ölkədə keçirsiniz, yoxsa Bakıda?
- Əvvəllər xarici ölkələrə gedirdik. İndi Bakıda qalırıq. Federasiyamız bizə hər cür şərait yaradıb. Federasiyanın hotelində qalırıq, məşq zallarında hazırlaşırıq. Əvvəllər belə şərait olmadığı üçün xaricə gedirdiksə, indi buna ehtiyac yoxdur. Hazırda toplanış üçün Bakıya başqa komandalar gəlir. Bu cür şərait ola-ola başqa yerə getməyin mənası yoxdur.
- Avropa Oyunlarında akrobatika gimnastikası üzrə yarışlar iyunun 17, 19 və 21-də keçiriləcək. Fasilələr sizin ziyanınızadır, ya xeyrinizə?
- Fikrimcə, fasilələrlə iştirak idmançı üçün xeyirdir. Çünki yarışdan sonra gimnastlar istirahət edə biləcəklər. Ancaq mənfi tərəfi odur ki, həyəcan daha çox olur. Məsələn, yarışlar eyni gündə olsa, həyəcan itir. Ancaq müxtəlif günlərdə olanda idmançının həyəcanı artır. Üstəlik yarışın Bakıda keçirilməsi bizim gimnastlara daha çox həyəcan verəcək. İstərdim ki, yarış vaxtı idmançılar heç nə fikirləşməsin. Çünki başqa şeylər fikirləşdikdə, idmançı daha çox həyəcan keçirir. Biz məşqləri elə qurmalıyıq ki, hər şey öz qaydasında olsun.
- 49 ölkənin idmançılarını Bakıda toplayacaq I Avropa Oyunları haqda ümumi fikirlərinizi bilmək istərdik...
- Bu, Azərbaycan üçün çox xeyirlidir. Əvvəllər mən yarışa gedəndə "Azərbaycandan gəlmişəm" deyirdim, heç kim ölkəmizin harada yerləşdiyini bilmirdi. Ancaq indi hamı Azərbaycanı idman ölkəsi kimi tanıyır. Həm iqtisadi, həm də idman baxımından sürətli inkişaf gedir. Bizim üçün isə müsbət hal odur ki, Azərbaycanda yeni tanınan gimnastika daha çox populyarlıq qazanır.