Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunlarında Azərbaycanı gimnastikanın batut növü üzrə iki oğlan və iki qız idmançı təmsil edəcək. Yarış proqramına əsasən onlar fərdi və sinxron olaraq çıxış edəcəklər. "Report" Oyunların mümkün iştirakçılarından biri olan İlya Qrişuninin Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına verdiyi müsahibəni təqdim edir.
- Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
- Məni gimnastikaya anam gətirib, batutu xüsusilə seçməmişdim. Daha sonra məni cəlb etdi və başa düşdüm ki, onsuz yaşaya bilmərəm.
- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdiniz?
- Əlbəttə, düşünürəm ki, bütün idman növlərində alınardı. İnsanın idmana bacarığı varsa, o zaman onun bütün idman növlərində üstünlükləri ola bilər. Məsələn, mənim su üzərində tullanma, idman gimnastikası, boks, futbol və xokkey xoşuma gəlir.
- Fikrinizcə, hər hansı idman növündə vacib olan nədir?
- İstək və əzmkarlıq. Daha sonra rejim və müxtəlif aspektlərdən sadalaya biləcəyim digər məqamlar. Amma ən vacibi istəməkdir. Bir şeyi əldə etməyi istəməlisən və ən əsası, konkret olaraq nə əldə etmək istədiyini bilməlisən.
- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
- Son zamanlar çox həyəcanlanmıram. Yəqin bütün qorxularımdan azad olmuşam, öz-özümə deyirəm ki, qorxmağa dəyməz, digərləri də bunu yaşayır. Bu, kömək edir.
- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Təhlükə bizi hər gün izləyir, lakin bir dəfə zədə almısansa, artıq beyin avtomatik olaraq, zədələnməmək üçün necə düşmək lazım olduğunu analiz edir. Özünü qorumaq instinkti işə düşür, sən bunu dərk etməsən də...
- İdmanda kumiriniz var?
- Bəli, bu Ule-Eynar Borndalendir – norveçli biatlonçu. Məni çox təəccübləndirir ki, 40 yaşlı insan Olimpiya Oyunlarını necə qazana bilər. Eyni zamanda onun 7 qat Olimpiya Çempionu olması həm heyrətləndirir, həm də həvəsləndirir.
- Bir az da yaxın gələcək üçün idman planlarınızdan danışın...
- Planda medal qazanmaqdır. Ən azı Avropa Oyunlarında bürünc medal, həmçinin komandalararası dünya çempionatında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istərdim. Planlarım budur.
- Avropa Oyunları sizin üçün hansı əhəmiyyəti kəsb edir və ona necə hazırlaşırsınız?
- Bu, mənim üçün tamamilə yeni yarışdır. Avropa Oyunlarına çox ciddi hazırlaşıram. Bu, mənim ən vacib yarışım olacaq. Xüsusən də, yarışlar burada - öz evimizdə keçiriləcək. Buna görə də, hazırlıq çox ciddi gedir.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz var?
- Mənim musiqiyə həvəsim var. Klub musiqiləri bəstələyirəm, kompüterdə miksləşdirirəm. Təəssüflər olsun ki, həm vaxta, həm də digər səbəblərə görə bununla tam məşğul ola bilmirəm. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə işləyə bilərəm.
- İdmanla gündəlik həyatınızı birləşdirə bilərsiniz?
- Bəzən nəsə etməyə həvəs olmur, gücüm çatmır. Bəzən vaxt olmur. Lakin istək olandan sonra digər şeylərə də vaxt ayırmaq olar və bu, vacibdir.
- Öz ailəniz haqda danışardınız...
- Mənim həyat yoldaşım və yaş yarımlıq uşağım var. Çox yaxşıdılar, onları çox sevirəm. Əlavə 2 uşaq da istəyirəm (gülür).
- Adətən azarkeşləriniz tribunalardan sizi necə dəstəkləyirlər və siz onlardan nə eşitmək istərdiniz?
- İstərdim ki, heç kəs səslənməsin. Çünki bizim idman növündə səs fikrimizi yayındırır (gülür). Əgər futbolda nəsə qışqırıb, demək olarsa, bizə superprofessional deyərlər. Mənim ABŞ-dakı dünya çempionatındakı ab-hava çox xoşuma gəldi, fonda sakit musiqi səslənirdi, azarkeşlər də sakit idilər. Bu musiqi bizə sakitləşməyə çox kömək edirdi.