"Həm Bakı, həm də Minskdəki Oyunlar mənim xoşuma gəldi".
Bunu "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında II Avropa Oyunlarının qalibi Jan Belenyuk deyib.
Ukraynalı yunan-Roma güləşçisi 87 kq çəki dərəcəsində qızıl medal qazandığı "Minsk 2019" və 85 kq çəkidə gümüş medal əldə etdiyi "
Bununla yanaşı, təcrübəli idmançı bildirib ki, hər iki Oyunlar zamanı insanların hər şeyi yüksək səviyyədə etməyə çalışdıqları diqqətdən yayınmayıb: "Heç bir iradım yoxdur, hər şey yüksək səviyyədədir. Belə tədbirlərin tez-tez keçirilməsinin lehinəyəm. Bunlar idmanın populyarlaşması üçündür. İdman - sağlam gənclik, sağlam millət və sağlam düşüncə deməkdir".
Hər iki Avropa Oyunlarında qızıl medal qazanmış isveçli qadın güləşçi Sofiya Mattsson isə Bakıdakı Avropa Oyunlarının daha yaxşı təşkil olunduğu qənaətindədir: "Siz Bakıda İsveç komandasının çoxlu atletini görə bilərdiniz. Avropa Oyunlarında ikinci dəfə iştirak etdim. Hər ikisi mənim üçün yaxşı xatirə və böyük təcrübə oldu".
Bakıda 55 kq, Minskdə isə 53 kq çəki dərəcələrində qalib olan 30 yaşlı pəhləvan Avropa Oyunları layihəsinin davam edəcəyinə ümidli olduğunu əlavə edib: "Burada Avropanın ən yaxşı güləşçiləri iştirak edir. Yarış yüksək səviyyədə keçirilir. Hər 4 ildən bir belə yarışın keçirilməsi idmançılar üçün yaxşı haldır".
Rusiyalı qadın cüdoçu Kseniya Çibişova isə ilk Avropa Oyunlarının çox gözəl alındığını vurğulayıb. Baxmayaraq ki, o, "Bakı 2015"də elə ilk görüşdəcə uduzaraq, medalsız qalıb. Çibişova 78 kq-dan yuxarı çəkidə bürünc medal əldə etdiyi "Minsk 2019"un da yaxşı təşkil olunduğunu dilə gətirib: "İlk Avropa Oyunları çox gözəl keçirilmişdi. Müqayisə etmək çox çətindir. Çünki hər ikisi yaxşı təşkil olunmuşdu. İdmançılar üçün hər şey ideal idi".
Mattssonun yaşıdı olan Çibişovanın sözlərinə görə, Avropa Oyunları layihəsini davam etdirmək lazımdır: "Çünki bu, çox şən və maraqlı tədbirdir. Məsul yarışlar öncəsi belə turnirlər bir qədər kömək edir. Amma deyə bilmərəm ki, cüdo yarışlarının Avropa Oyunlarında Avropa çempionatı səviyyəsində keçirilməsi rəqabəti daha da artırıb".
Gürcüstan Cüdo Federasiyasının idman direktoru və mətbuat katibi Zurab Usupaşvili də Azərbaycan paytaxtında keçirilmiş Oyunları fərqləndirib. Onun sözlərinə görə, "Bakı 2015"də təşkilatçılıq daha yüksək səviyyədə olub: "İlk Avropa Oyunlarında təşkilatçılar çalışırdılar ki, heç bir xırda problem olmasın. Oyunların təbliğatı naminə hər cür şərait yaratmışdılar. Minskdə isə sərt qaydalar mövcud idi".
"Belta"nın əməkdaşı Nadejda Matveyeva agentlikdə prezident müxbiri kimi çalışan həyat yoldaşı Vladimir Matveyevin hələ 4 il əvvəl Bakıda keçirilmiş Avropa Oyunlarında iştirak etdiyini xatırladıb: "O, Belarus nümayəndə heyətinin tərkibində Bakıya gəlmişdi. Həmin vaxt ölkəmizin prezidenti Aleksandr Lukaşenko da açılış mərasiminə qatılmışdı. Ərim jurnalist olaraq prezidentin fəaliyyətinin işıqlandırılması ilə məşğuldur. O, qayıdanda çoxlu hədiyyə gətirmişdi. Açılış mərasimindən xoşu gəlmişdi. Genişmiqyaslı mərasim təşkil etmişdiniz. İndi də hər zaman xatırlayırıq".
Matveyevanın fikrincə, Belarus "Minsk 2019"u layiqincə keçirib və Avropa Oyunları imicini qorumağı bacarıb: "Hər şey gözəl alındı, şəhər və fan-zonaları Oyunlara, konsert proqramlarına hazır idilər. Mədəniyyətimizi və imkanlarımızı göstərmək üçün yaradılan fürsətdən yararlana bildik".