"Azərbaycan idmançıları ölkəmizdə onlara göstərilən qayğı nəticəsində “Minsk 2019” II Avropa Oyunlarında uğurla iştirak edirlər".
Bunu "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov deyib.
O bildirib ki, ölkənin idmançıları ənənəvi olaraq güclü olduqları sahələrdə qızıl medallar uğrunda yarışırlar: "Dünən güləşçi Mahir Əmiraslanovun qazandığı qızıl medal bizi çox sevindirdi. Düşünürəm ki, Azərbaycan idmançıları, ən azı, 4-5 qızıl medalla Minskdən ayrılacaqlar. Bizim medal qazanmaq imkanlarımız ayın 30-na kimi davam edəcək. Həm sərbəst güləşdə, qadınların güləşində, həm də boks yarışında bizim yaxşı imkanlarımız var. Bütün idmançılarımız yarışa məsuliyyətlə yanaşırlar. Əsas məsələ odur ki, Bakıda qoyulan ənənə burada davam etdirilsin. İdmançıların qarşısına həm komanda yarışında, həm də ayrı-ayrı idman növlərində yüksək səviyyəyə çatmaq vəzifəsi qoyulub".
Qəndilov bu gün sərbəst güləşçilər - Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyevin (97 kq) final görüşlərinə baxacağını söyləyib: "Bizim güləşçilərimiz qızıl medallar uğrunda görüşə çıxacaqlar. Sərlik olaraq orada olacağıq və tələbələrimiz də iştirak edəcək. Qarşılaşmaları hamımız izləyəcəyik. Bizim üçün çox vacib gündür. İkinci və üçüncü qızıl medala ümid edirik. Bu güləşçilər öz növlərində nüfuzlu idmançılardır".
Səfir Hacı Əliyevin 26 İyun - Silahlı Qüvvələr Günündə erməni idmançısını məğlub etməsinə də toxunub: "Bu, bizim üçün çox önəmli idi. İdmançılarımız erməni rəqibləri ilə bu yarışlarda tez-tez qarşılaşdılar. İdmançılarımızın hamısına qəlbən təşəkkür etmək istəyirəm. Çünki onlar öz rəqiblərinə çox diqqətlə yanaşırdılar. Sona qədər onlara müqavimət göstərdilər və qələbə qazandılar. Bu isə milli ruhun artması, birlik və bərabərlik üçün son dərəcədə önəmli bir məsələdir".