Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının sədri
Tanınmış rus publisisti və jurnalisti İqor Krasnovski bildirir ki, valideynləri seçə bilmədiyimiz kimi, milliyyətimizi də seçə bilmirik. İlk baxışdan bu deyimdə müəyyən məhrumiyyətin olduğunu düşünmək mümkündür. Sırf seçim imkanının istisnalılığı baxımından belə anlaşıla bilər. Amma məncə, dünyada məsələni dərd edəcək kimsə yoxdur. Yəni heç kəs fikirləşmir ki, milliyyətini seçə bilmək imkanının mövcudsuzluğu həyatındakı çatışmazlıqdır. Krasnovski də çox güman, seçimsizliyi yalnız əlahiddə məqam kimi təqdim edib. Zənnimcə, jurnalistin təsvirində müqəddəslik, milli təəssübkeşlik var. Bəlkə şovinizm də.
Dünyaya Azərbaycan türkü kimi gəlmişik. Əslində, məsələ qəribə səslənə bilər. Axı, bizlər türk kökənimizi düzgün anlamağı bacarmamışıq. Ola bilər, buna bacarıqsızlıq demək düzgün deyil. 70 illik sovet əsarəti, ondan öncə çar Rusiyasının milli özünüdərkə qarşı sipəri, daha əvvəl torpaqlarımızın parçalanması, təbəddülatlar, nələr-nələr. Kimik biz, böyük ölçüdə özümüz barədə düşünə bilməmişik. Tariximiz saxtalaşdırılıb, bizə aid olanlar əlimizdən alınıb, çox çətinlik və məhrumiyyətlərə qatlaşmışıq. Krasnovski başqa bir anlamda haqlıdır ki, milliyyətimizi, milli kimliyimizi seçə bilməmişik. Bu mənada zaman-zaman şüurlu, tarixi keçmişimizə dayanan çıxış nöqtəmizin cəmiyyətdə özünə yer tapa bilməməsi təəssüf doğurur.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Vətənimizin ictimai-siyasi həyatındakı intibah xüsusunda da milli kimliyimiz ətrafında müzakirələr aparmışıq. Nəticədə milli kimlik hissinin doğurduğu milli dövlətçilik ruhu və bu ruhun təntənəsi, əzəməti sayılan Azərbaycan Xalq Cümhuriyyətimiz olub. Heç də o fikirdə deyiləm ki, AXC-nin yaranması çarizmin dağılmasından sonrakı proseslərin məntiqi yekunu idi. Əgər xristian ermənilər və gürcülərə imperiyanın süqutunun dividendi kimi müstəqillik görünürdüsə, müsəlman bizlər üçün perspektiv suverenlik vəd etmirdi.
1918-ci il müstəqilliyinə aparan yolu özümüz çox qısa zaman kəsiyində müəyyənləşdirdik. Bu yolu Mirzə Fətəli Axundzadədən, Həsən bəy Zərdabidən, Əlimərdan bəy Topçubaşovdan, Əhməd bəy Ağaoğludan, Əli bəy Hüseynzadədən tutmuş Nəcəf bəy Vəzirova, Üzeyir Hacıbəyliyə, Məmməd Əmin Rəsulzadəyə, Ömər Faiq Nemanzadəyədək olan ziyalı nəsli necə deyərlər dişi və dırnağı ilə çəkdilər. Onlar Qafqazın müsəlman qövmünün ictimai, sosial, siyasi və mədəni geriliyini aradan qaldırmağı bacardılar, məfkurə xətti yaratdılar.
Sovet istilası, SSRİ-nin qurulması ilə imperiyanın yeni zühuru milli şüurun eniş dövrünun başlanğıcını qoysa da, XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycanda Sovetlər Birliyi daxilindəki canlanmaya adekvat ab-hava yarandı. Nəticə etibarilə SSRİ-nin süqutunu doğuran proseslərdə başlıca həlqəni məhz milli özünüdərkimiz təşkil etdi.
Düşünürəm ki, müstəqilliyimizi qazanmağımızdan ötən 24 il milli kimlik barədə bəlli formula sahiblənməyimiz baxımından önəmli zaman kəsiyinə çevrildi. Bizlər Azərbaycançılığın və türkçülüyün vəhdəti üzərində dayandıq. Bu formul həm tarixi keçmişimizi hifz etmək, həm də müasir dövlətçiliyimizin ideoloji çalarlarını təsdiqləmək üçün vacibdir.
Ötən 24 ildə müstəqil Azərbaycan Respublikası gücləndi. Bizlər dostumuzu və düşmənimizi seçə biləcək qədər püxtələşdik. Əlbəttə, bu proses heç də asan başa gəlmədi və indinin özündə də müəyyən natamamlıq kompleksindən əziyyət çəkməyəcək durumda deyilik.
Natamamlıqdan söz düşmüşkən, bu durum tarixin müxtəlif dövrlərində də yaşanıb. Elə milli özünüdərkin vüsət aldığı XX əsrin əvvəllərində də məfkurə daşıyıcıları olan ziyalılarımız arasında fikir ayrılıqları nəzərə çarpıb. Hardasa qeyri-monolitlik təsiri də bağışlayan həmin dönəm yekunda inkişafı doğurub. Zənnimcə, o zamankı inkişafımız həm də ona görə baş verib ki, fikir müxtəlifliklərinin formalaşdırdığı demokratik mənzərə yüksək dairələrin diqqət mərkəzində olmayıb. Ola bilər, bu baxışları tam ciddiyə alınmayıblar. Həmin dairələrin məsələləri ciddiyə alacaq təpərlərinin qalmaması da ayrıca söhbətin mövzusudur.
Ancaq sonra yaşananlar Azərbaycan ictimai baxış sisteminə qeyri-ciddi yanaşılmadığını və demək ki, baxışlar sistemimizin eyni zamanda təkmilləşərək inkişaf tapdığını təsdiqlədi. Məsələn, xalqımızın görkəmli simalarına qarşı repressiyalar başlandı. Bu, yalnız Stalinizmin ayaqda qalmaq üçün atdığı addım deyildi, perspektivdə daha mütəşəkkil məcraya qədəm qoyacağı aydın görünən müqaviməti sındırmaq tədbiriydi. Müqavimətdə Azərbaycan ziyalısını daşıdığı baxışların gücü əhəmiyyətli dərəcədə hiss olunurdu. Əsrin sonlarına doğru genişlənməkdə olan milli istiqlal hərəkatı məhz həmin gücün doğurduğu milli kimlik hissindən nəşət almışdı. Müstəqilliyin ötən 24 ilində isə milli kimlik formulu daha təkmil mahiyyətilə ortadadır. O, həm tarixiliyə, yəni tarixin acılı-şirinli yaşantılarına, həm də müasirliyə əsaslanaraq rasional düşüncə tərzinə söykənir.
Lakin əvvəldə qeyd etdiyim kimi, mövcud milli kimlik sistemində də müəyyən natamamlıqlar nəzərə çarpmaqdadır və hazırkı status-kvo bu natamamlıqların bəzi fəsadlarını ortaya çıxarır. Həm də indiki məqamda fəsadların ortaya çıxmasının ilhamvericisi qismində yalnız natamamlıqlar deyil, konkret xarici qüvvələr də çıxış edir. Bilavasitə ikincilərdən söz açmaq niyyətində deyiləm. Məqsədim özümüzdən asılı olan cəhətləri vurğulamaqdır. Axı bizdən asılı olanları edərək yüksək məqamlarda dayana bilirik və bizlərə qarşı cəbhə açanlar da tutduğumuz mövqenin mahiyyətini yetərincə anlayır.
Bəli, toplum olaraq dərk etməli olduğumuz bir çox cəhətlər var. Məncə, milli təəssübkeşlik bu sırada ən öndə dayanır və natamamlıqlarımızın mövcudluğunu da məhz bu səbəbdən vurğuladım. Bir anlığa yenə keçmişə qayıdaraq onu da düşündüm, görəsən, Seyid Əzim Şirvani xaricdə ruhani təhsil aldı, amma necə oldu ki, Azərbaycana qayıtdıqdan sonra mövhümata qarşı mübarizə ruhuna kökləndi, xalqın milli özünüdərkinə yönələn proseslərə dəstək verdi. O, tamam fərqli fəaliyyət kursu da seçə bilərdi. Eləcə də xaricdə təhsil almış əksər ziyalılarımız məhz milli zəmində yüksəlməkdə olan hərəkatın liderlərinə çevrildilər. Başqa izah tapa bilmirəm, hesab edirəm ki, bu, xalqın özünün böyüklüyündən qaynaqlanır və indi də böyüklüyümüz Azərbaycanın müstəqilliyini əbədiyyətə çevirəcək qüdrətə malikdir.
Biz həqiqətən də böyük xalqın nümayəndələriyik. Zənnimcə, ötən 24 ildə tarixdə heç zaman olmadığımız qədər böyüklük statusuna yiyələnmişik. Bu statusu əynimizə biçən bir çox hadisələri yaşamış, çətinlikləri adlatmış, sınaqlardan çıxmışıq. Bütün çatışmazlıqlarımıza rəğmən, müəyyən dəyərlər sistemi formalaşdırmışıq. Bəlkə bu dəyərləri hansısa başqa xalqlardan mənimsəmişik. İngilis, fransız, alman, yəhudi, ən əsası isə düşmənimiz olan erməni də dünyanın hansı nöqtəsində olmasından, hansı statusu daşımasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, ilk növbədə öz milli kimliyinin daşıyıcısı və qoruyucusudur. Zənnimcə, onlarda ən çətin məqamlarda belə milli hiss və düşüncələr özünün təəssübkeşlik mahiyyətini itirmir. Doğrudur, bizlər bundan sonra nə ingilis, nə fransız, nə də alman ola bilərik. Himn çalınanda əlimizi ürəyimizin üstünə qoyub oxumağı qardaş Türkiyənin vətəndaşlarından öyrənmişik. Ancaq gözümüzdən axan yaş özümüzünkü olub. Gözyaşı yaşantımızı dəyərə çevirmişik. Özümüz üçün müqəddəslik formulu müəyyənləşdirmişik. Ümumən tarixdə qalmaq üçün az iş görməmişik.
Ölkəmiz bir çox mötəbər toplantılara, tədbirlərə evsahibliyini gerçəkləşdirib. Bunlar ilk baxışdan adi təsir bağışlasa da, məsələ heç də sadə mahiyyət daşımır. Yaşadığımız coğrafiyaya Vətənimiz Azərbaycanın adını böyük hərflərlə yazdırmağı bacarmışıq. Bəlkə sınaqlarımız daha çox olacaq. Qarşıdakı iki həftəni də tarixdə qalmaq üçün növbəti sınaq kimi keçirəcəyik. I Avropa Oyunları qarışıq, qloballaşan dünyaya azərbaycanlı olaraq varlığımızı göstərmək, daha da möhkəmləndirərək əbədiyyətə çevirmək üçün yetərincə böyük hadisədir. Bu hadisə üzərindən əlli, yüz, iki yüz il keçdikdən sonra tarixin burulğanlarında boğulmamaq təminatımız, milli kimliyimizlə fəxr etmək hissiyatımızdır. Bu hissiyat isə gələcək nəsillərdə “Mən azərbaycanlıyam” kəlməsini demək təpərini yaşadacaq. Demək ki, dövlətimiz də yaşayacaq, millətimiz də.