Bakı. 3 mart. REPORT.AZ/ "Gimnastika növü üzrə yarışlar eyni məkanda keçiriləcək. Yarışlar bir neçə gün ərzində baş tutacaq". "Report"un məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov bu gün Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransında deyib.
Yarışların mürəkkəb olmasının təşkilatçılar üçün çətin, tamaşaçılar üçün maraqlı olacağını bildirən federasiya rəsmisi Azərbaycanın Oyunlarda gimnastikanın bütün növlərində təmsil olunacağını deyib.
Martın 4-dən start götürəcək sınaq yarışları haqda danışan F.Qayıbov bunun Avropa Oyunlarına hazırlıq məqsədi daşıdığını söyləyib. O, sınaq yarışlarına girişin pulsuz olacağını da qeyd edib. Yarışları izləmək istəyənlər Milli Gimnastika Arenasına gedərək heç bir ödəniş ödəmədən bilet əldə edə biləcək.
Qeyd edək ki, I Avropa Oyunlarında gimnastika növü üzrə yarışlar 14-21 iyunda keçiriləcək.