Bakı. 21 mart. REPORT.AZ/ Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin "Report"a müsahibəsi:
- I Avropa Oyunlarında çimərlik futbolu yarışları keçiriləcək. Bu da sizin üçün daha artıq məsuliyyət deməkdir...
- Əlbəttə ki, bu böyük məsuliyyətdir. Çünki ölkəmizi təmsil edəcəyik. Həm Federasiya, həm də komanda üçün özünü göstərmək mənasında böyük şansdır. Bu, çimərlik futbolunun məşhurluq qazanmasına, ölkədə daha da artıq tanınmasına fürsət yaradacaq. Bu məqsədlə hər ay xarici ölkələrə səfərlər edir, oradakı güclü komandalarla qarşılaşırıq. Mütəmadi olaraq məşqlər keçirilir və deyə bilər ki, komanda hazır vəziyyətdədir.
- Çimərlik futbolu komandası yenidən yaranıb. Yəni, hər şey sıfırdan başlayıb...
- Bəli, biz hər şeyi sıfırdan başlamışıq, ilk yarışımız isə İspaniyada beynəlxalq turnir olub. O zaman bizim oyunçular qumun üzərinə topun necə qoyulmalı olduğunu bilmirdi. Daha sonra hər şey öz qaydasına düşdü. İndi yaxşı komandamız var. Artıq komandamız Avropada 13-cü pillədədir. Bu da böyük göstəricidir.
- Çimərlik futbolu üzrə ölkə daxilində hansı çempionatlar keçirilir?
- Respublika kuboku, Super Liqa keçirilir, 6 peşəkar komandamız var. Ola bilsin ki, PR işləri düzgün aparılmır. Ötən il Avrokuboku da Azərbaycanda keçirməyə nail olduq.
- Peşəkar klublara futbolçu seçimində hər hansı bir çətinliklə üzləşmirsiniz?
- Çətinlik yox, hətta dəstək də olur. Hər futbolçu milliyə düşə bilmir. Özünü göstərmək istəyən futbolçular bizə müraciət edir və öz növbəmizdə onlara dəstək veririk.
- Oyunlarda çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri Portuqaliya, İsveçrə və Ukrayna yığmaları olacaq...
- Komandamız oyunlara hazırdır. Xaricə səfərlərimizin məqsədi idmançılarımızın təcrübəsini artırmaqdır. Bizdə beynəlxalq arenalarda oyun təcrübəsi azdır və bunu artırmaq lazımdır. İnanıram ki, bu dəfə komanda hər tərəfli hazır olacaq və gözəl oyun göstərəcək.
- Daha çox toplanış üçün BƏƏ-ni seçməkdə məqsəd nədir?
- Qış vaxtı havaya görə biz oranı seçirik. Lakin o demək deyil ki, ancaq BƏƏ komandaları ilə qaşrılaşırıq. Orada müxtəlif komandalarla yoldaşlıq oyunu keçiririk və təcrübə toplayırıq.
- Azərbaycan Oyunlarda neçənci yeri tuta bilər?
- Yoldaşlıq görüşü başqadır. Ancaq rəsmi oyunlarda başqa ab-hava olur. İsveçrə güclü komandadır. Portuqaliya ilə qarşılaşmışıq və başabaş mübarizə gedib. Məşqçimiz də Portuqaliyadan olan güclü mütəxəssisdir. O, bütün nüansları futbolçulara başa salacaq. İnanıram ki, Oyunlarda ölkəmizi layiqincə təmsil edə biləcəyik.