"Bu yarış bizim üçün həm Avropa çempionatı, həm Avropa Oyunları, həm də olimpiadaya lisenziya xalı verən turnir idi".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın cüdo üzrə yığma komandasının böyük məşqçisi, dünya çempionu Elxan Məmmədov deyib.
O, komandanın hər bir üzvündən medal gözlədiklərini və yarışın çox çətin keçdiyini söyləyib: "Avropa cüdonun ən inkişaf etmiş qitəsi sayılır. Burda zəif rəqib olmur. Gürcüstan, Fransa, Rusiya, İsveç, Portuqaliyadan olan rəqiblərimiz bizə çox çətin anlar yaşatdılar. Ölkəmizdə baş tutan ilk Avropa oyunlarında 1 medal qazanmışdıqsa, bu dəfə 5 medal götürdük. Bu, bizim üçün uğur sayılmalıdır. Hər birimiz qızıl gözləyirdik. Təəssüflər olsun ki, rəqiblər buna imkan vermədilər. 60 kq-da Orxan Səfərov, 100 kq-da Zelim Kotsoyevdən medal gözləyirdik. Ancaq xalda öndə olmalarına baxmayaraq, ani bir səhv bütün ümidlərimizi puç etdi. Cüdo da elə bir idman növüdür ki, burda 1 səhv məğlubiyyət deməkdir. Bütün Azərbaycan xalqını, cüdosevərləri bu uğur münasibətilə təbrik edirəm və bizə hər zaman dəstək olan Azərbaycan Cüdo Federasiyasına öz dərin minnətdarlığımı bildirirəm".
E.Məmmədovun sözlərinə görə, iki aydan sonra dünya çempionatl baş tutacaq və bu yarış hər bir cüdoçu üçün mühüm əhəmiyyət kəsb edir: " Vaxt yoxdur, iki aydan sonra dünya çempionatı gəlir. Bir həftədən sonra Hollandiya, Macarıstan və sonda Yaponiyada təlim-məşq toplanışları keçəcəyik. Ümid edək ki, bu dünya çempionatında da uğur qazanacağıq".