Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanovun "Report"a müsahibəsi:
- İlk olaraq I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bu yarışların Bakıda keçirilməsi dövlətimizin həyata keçirdiyi siyasətə uyğundur. Çox sevindirici haldır ki, bu cür mötəbər bir yarış Azərbaycanda keçiriləcək. Biz də öz növbəmizdə bu yarışlara böyük həvəslə hazırlaşırıq. İnanıram ki, bütün idman növlərində çıxış edən idmançılarımız onlara göstərilən etmadı doğruldacaq və yaxşı nəticələr qazanacaqlar.
- Oyunlarda Azərbaycan cüdo üzrə də təmsil olunacaq...
- Bizim yığma komandanın üzvləri (həm kişi, həm də qadın) tam şəkildə çıxış edəcəklər. Lakin həmin siyahıda hansı idmançılarımızın adlarının olacağını indidən deyə bilmərəm. Çünki qarşıda sınaq yarışları var. Həmin yarışların nəticəsinə uyğun olaraq, cüdoçularımız Avropa Oyunlarında iştirak edəcək.
- Cüdo üzrə yarışlar Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Hazırda Arenada təmir işləri gedir. Federasiya rəsmisi olaraq gedən işlərlə maraqlanmısınız ki, cüdoçular hansı şəraitdə yarışacaq və məşq edəcək?
- Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyinin bir qurumudur. Bu yarışlarda da bilavasitə məsul qurum nazirlik və I Avropa Oyunlarının Əməliyyat Komitəsi olduğu üçün onlar birbaşa bu işlərə nəzarət edir. Biz də onların vasitəsilə bu işlərdən xəbər tuturuq. Hələ ki, heç bir federasiya üzvləri ora buraxılmır. Yalnız nazirlik və komitə rəsmiləri təmir işləri ilə tanış olur. Bundan sonra biz onlardan bu haqda məlumat alırıq.
- Qeyd etdiniz ki, Oyunlarda çıxış edəcək cüdoçuların siyahısı hazır deyil. Məşqçilərlə bu barədə hansısa söhbətiniz olub?
- Hazırda təlim-məşq prosesində bizim 1 və 2 nömrəli idmançılarımız məşq edir. Hətta orada 3 nömrələr də yer alıb. Üstəlik sınaq yarışları var. Hələ ki, Avropa Oyunlarına siyahını tərtib etmək üçün vaxtımız var. Kimlərin olacağı baş məşqçi Hacıağa Hacıəhmədovun qərarından asılı olacaq. Biz məşqçimizə və onun seçdiyi idmançılara inanırıq.
- Hansı çəki dərəcəsində təmsil olunacağıq və qazanılacaq neçə medalı uğur hesab etmək olar?
- Apreldə Böyük Britaniyanın Qlazqo şəhərində keçirilməli olan Avropa çempionatının Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsinin iştirakı ilə keçirilən müzakirələrdən sonra Bakıda keçirilməsinə qərar verilib. Həmin çempionat Avropa Oyunları ərzində keçiriləcək. Yəni, Oyunlar zamanı cüdo yarışlarında qeydə alınan nəticələr Avropa çempionatına da şamil olunacaq.
- Yəni bir yarışda 2 - Avropa Oyunları və Avropa çempionatının medalları təqdim olunacaq?
- Bu yarışlar Avropa çempionatının standartı ilə keçiriləcək. Cüdonun baxımlılığı da bundan ibarət olacaq ki, bir yarışda iki medal qazanılacaq.
- Təbii ki, baxımlı olacaq, amma idmançının məsuliyyətini daha da artıracaq...
- Bəli. Çünki qitənin ən güclü idmançıları gələcək. Biz rəqiblərimizə heç də qeyri-ciddi baxmamalıyıq. Biz bu yarışı Avropa Oyunlarında əlavə, həm də Avropa çempionatı olaraq görməliyik. Təbii ki, federasiya üzərində böyük məsuliyyət var. Çünki biz eyni zamanda 2 yarışa hazırlaşmalı olacağıq. Bundan əlavə qeyd edim ki, Oyunlardan əvvəl mayın 8-9-10-da Ulu Öndərin xatrəsinə həsr olunan "Böyük Dəbilqə" seriyası keçiriləcək. Hansı ki, bu yarış da Avropa çempionatı kimi "Rio 2016"ya lisenziya xarakteri daşıyacaq. Avropa Oyunları və Avropa çempionatından əvvəl bizim üçün ən məsul yarış budur.
- Qeyd etdiniz ki, Avropa Oyunlarından əvvəl cüdoçular təlim-məşq toplanışında olacaq və sınaq yarışlarında çıxış edəcəklər. Bu haqda məlumat verərdiniz...
- Cüdoçularımız fevralın 27-də təlim-məşq toplanışından qayıdıblar. Martın 9-da isə böyük heyətlə Çexiyaya yola düşəcəklər. Bundan sonra idmançılarımızı Gürcüstanda bir neçə komandanın iştirak edəcəyi toplanış gözləyir. Son olaraq komanda İsmayıllıda yerləşən Regional Mərkəzdə toplaşacaq. Bununlada mayda keçiriləcək turnirə hazır olacaqlar.
- Avropa Oyunlarında gözdən əlil cüdoçular da yarışacaq...
- Bizdə paralimpiya idman növləri Azərbaycan Cüdo Federasiyasından tamamilə ayrıdır. Onlar müstəqil qurum kimi fəaliyyət göstərirlər. Yenə də bizim fəxrimiz, ikiqat olimpiya çempionu İlham Zəkiyev də Oyunlarda çıxış edəcək və hər kəs ondan qızıl medal gözləyir. Təbii ki, biz də bir vətəndaş kimi bu yarışları izləyib, qələbələrə sevinəcəyik.
- Bəs, digər idman növləri necə? Avropa Oyunlarında cüdodan əlavə hansısa yarışları izləməyi düşünürsünüz?
- Bu Azərbaycan üçün idman bayramıdır. Federasiya üzvü olmasaq, həmin yarışlarda iştirak etməli deyilik? Bir Azərbaycan vətəndaşı kimi hər bir idmançımıza dəstək olmalıyıq. Hamımız idmançıları qələbəyə ruhlandırmalı, onların sevincini birgə yaşamalıyıq.