Bakı. 10 aprel. REPORT.AZ/ I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkəyə uçuşlar həyata keçirən aviasiya şirkətlərinin səlahiyyətli nümayəndələri ilə
Görüşdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev qeyd edib ki, “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Prezidentin 2014-cü il 8 avqust tarixli sərəncamının icrası ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək məsələlərə dair Tədbirlər Planı hazırlanıb və Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiqlənib. Tədbirlər Planının icrası ilə bağlı mart ayında Xidmətdə keçirilən müşavirədə səlahiyyətli şəxslərə müvafiq göstərişlər verilib.
Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün Xidmətin müvafiq struktur bölmələrinin və sisteminə daxil olan qurumlarının əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.
Qeyd olunub ki, bu gün Azərbaycanın və ölkəyə təşrif buyuran qonaqların, yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi baxımından ictimaiyyətin, həmçinin əcnəbilərin məlumatlandırılması, bu sahədə yarana biləcək sualların həlli ilə bağlı müvafiq tədbirlər görülür. Belə ki, müvafiq qaydada akkreditasiyadan keçən əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycana gələ və gedə bilərlər.
I Avropa Oyunlarına bilet və ya bilet alışını təsdiq edən sənədi təqdim edən əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Oyunların açılışına 10 gün qalmışdan etibarən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Daha sonra bildirilib ki, Xidmət I Avropa Oyunları ilə bağlı öz işini günün tələbləri səviyyəsində qurub və bu müddətdə Azərbaycana gələn əcnəbilərin miqrasiya ilə bağlı rahatlıqlarının təmin olunması üçün hər bir şərait yaradılıb. Belə ki, yarışları izləmək üçün ölkəmizə əcnəbilərin kütləvi şəkildə təşrif buyuracaqlarını nəzərə alan Dövlət Miqrasiya Xidməti onların olduğu yer üzrə qeydiyyatının elektron qaydada aparılmasını təmin edib. Azərbaycan Respublikasının ərazisində 10 gündən artıq müvəqqəti qalacaq akkreditasiya olunmuş şəxslər, habelə I Avropa Oyunlarının iştirakçıları isə olduqları yer üzrə qeydiyyatdan azad olunublar.
I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlar Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində də yerləşdirilib.
Qonaqlara akkreditasiya kartı və digər sənədlərin nümunələri təqdim edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.