Bakı. 6 dekabr. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunlarının çox möhtəşəm Açılış və Bağlanış mərasimləri olacaq. Bu mərasimləri bütün dünya izləyəcək. Biz böyük təcrübə qazanacağıq”. “Report”un məlumatına görə, bunu “5Currens” prodüser şirkətinin rəhbəri Skot Givens deyib.
O bildirib ki, şirkət son dövrlərdə 12 olimpiya, 5 qitə miqyaslı oyunların açılış mərasimlərində iştirak edib. Son olaraq, “5Currens” 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının mərasimlərinin bilavasitə təşkili ilə məşğul olub.
S.Givens Açılış və Bağlanış mərasimlərinin əsas mövzusunun Azərbaycan xalqı, mədəniyyəti, adət və ənənələrinin nümayişindən ibarət olacağını açıqlayıb. Onun sözlərinə görə, mərasimlərə 6000 yerli ifaçı seçiləcək: “Onlar 68 min nəfərlik auditoriya və milyonlarla televiziya tamaşaçısı qarşısında çıxış edəcəklər. Azərbaycan ürəyi olmasa, mərasim yaxşı alınmaz. Ona görə də bizə daha çox könüllü lazımdır. 2015-ci ilin ən böyük, möhtəşəm şousunu yaratmaq istəyirik”.
Açılış mərasiminin bədii direktoru Dimitris Papayoannu bildirib ki, bu vəzifəyə təyin olunduqda qürur, şərəf və təəccüb hissləri keçirib. O, təyin olunduqdan dərhal sonra Azərbaycanın mədəniyyəti, tarixi ilə maraqlanmağa çalışdığını və onların dərinliyi, zənginliyindən valeh olduğunu vurğulayıb: “Hətta utandım ki, bunları niyə öncədən bilmirdim. Amma artıq bilirəm və bütün dünya ilə paylaşmaq istəyirəm. Gözəl bir xəyal yaratmağa və miyonlarla insanla paylaşmağa çalışırıq. Amma azərbaycanlılar olmasa, bunu gözəl formada yerinə yetirə bilməyəcəyik. Açılış mərasimi ölkəyə açılan pəncərədir. Azərbaycan mədəniyyəti, tarixinin önəmli elementlərini birləşdirəcəyik. Elə edəcəyik ki, insanlar onu anlaya bilsinlər”.
D.Papayoannunun sözlərinə görə, seçim çox sadədir. Bunun üçün sadəcə insanların enerjisi lazımdır. Bədii direktor KİV vasitəsilə müraciət etməyi də unutmayıb: “Hər kəs üçün açılış mərasimində düzgün yer tapılmalıdır. Xüsusi bacarığı olanlar da, olmayanlar da gələ bilərlər. Bu sizin üçün unudulmaz xatirəyə çevrilə bilər. Bu, Azərbaycanda həyata keçirilən ən iri şou olacaq. Həyatda belə bir şans bir dəfə ələ düşür. İstəməzdim ki, kimsə bu şansı qaçırsın. Afina olimpiadasından 10 il keçməsinə baxmayaraq, şəhər küçələrindən keçəndə insanlar mənə yaxınlaşaraq, açılışda müxtəlif işlərlə məşğul olduqlarını deyirdilər. Bu, gözəl əyləncədir”.
“Bakı 2015”in mərasimlər üzrə direktoru Katerin Uqvu isə Azərbaycanın sənət aləmində ad qazanmış sənətkarları ilə işlədiklərini açıqlayıb: “Bizim komandanın çox böyük təcrübəsi var ki, müxtəlif mədəniyyətləri tanıtsınlar”.
K.Uqvu Açılış və Bağlanış mərasimlərinin ssenarisinin tədbirədək gizli saxlanılacağını əlavə edib: “Açılış və Bağlanışın ən maraqlı və unikal elementi onun sürpriz saxlanılmasıdır. İstəyirik ki, insanların gözləntiləri getdikcə artsın. Əminəm ki, məyus olmayacaqsınız”.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə deyib ki, “Bakı 2015”də könüllü kimi iştirak hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Onun sözlərinə görə, hər bir vətəndaş Avropa Oyunları ilə bağlı işlərdə istədiyi və bacardığı formada iştirak etməlidir: “Azərbaycanın gözəl, savadlı, vətənini sevən gəncləri ölkəmizin tarixini, mədəniyətini nümayiş etdirməlidir. Bizə sırf bu məqsəd üçün 6000 gəncin iştirakı lazımdır. Bu, çox maraqlı və cəlbedici prosesdir. Təəssüflənirəm ki, öz yaşım keçib, yoxsa məmnuniyyətlə iştirak edərdim. Azərbaycan gəncliyinin böyük potensialı var, bundan da böyük işlərə qadirdir. Hər birinizi bu prosesdə iştiraka dəvət edirik”.
Qeyd edək ki, tədbir zamanı Açılış və Bağlanış mərasimlərinə xərclənəcək vəsaitin həcmi açıqlanmayıb. Səbəb kimi hazırda büdcənin hələ tam dəqiqləşməməsi göstərilib.