Bakı. 6 mart. REPORT.AZ/ Danimarka Olimpiya Komitəsi (DOK) "Bakı 2015"də çıxış edəcək ilk beş idmançının adını müəyyənləşdirib. "Report"un məlumatına görə, Rene Holten Poulsen avarçəkmə, Simone Tetsçe Xristensen BMX velosiped idmanı, Kasper Stenderup triatlon, Peter Kildegard Andersen və Kristoffer Abellin çimərlik voleybolu üzrə Avropa Oyunlarında yarışacaq.
Danimarka nümayəndə heyətinin rəhbəri Morten Rodtvit mətbuata açıqlamasında ölksənin Oyunlarda 17-yə yaxın idman növü üzrə 65 idmançı ilə iştirak edəcəyini proqnozlaşdırdıqlarını deyib. O, I Avropa oyunlarının "Rio 2016"ya hazırlaşan idmançılar üçün əla sınaq yarışı olacağını bildirib: "Bakıda nə qədər peşəkar Avropa atletləri çıxış edərsə, bir o qədər də Danimarka idmançılarının "Rio 2016"ya hansı səviyyədə hazır olduqları məlum olacaq”.
Qeyd edək ki, Poulsen keçmiş dünya çempionudur və 2008-ci ildə Pekində gümüş medal qazanıb. Kristensen 2012-ci ilin BMX Avropa Çempionatında bürünc medal əldə edib. Triatlon üzrə çıxış edəcək Stenderup isə dəfələrlə triatlon üzrə ölkə çempionu olub.