Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun "Report"a müsahibəsi
- Sambonun I Avropa Oyunlarına daxil edilməsi gələcək üçün nə kimi perspektivi var?
- Bu bizim üçün sevindirici haldır ki, sambo ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının proqramına daxil edilib. Təbii ki, bunlar da Prezident İlham Əliyevin səyi nəticəsində oldu. Çalışacağıq ki, ümidləri doğruldaq.
- Yarışlara hazırlıq hansı səviyyədədir?
- İlk təlim-məşq toplanışımızı bu yaxınlarda Göy-göldə keçirdik. İkinci toplanışı isə Şağanda keçirmək fikrimiz var. Bu, hələ dəqiqləşməyib, amma məlum olan odur ki, hazırlıq Bakıdakı Olimpiya komplekslərinin birində olacaq.
- Hazırlıq prosesinə neçə idmançı cəlb olunub?
- Ümumilikdə 25-ə yaxın idmançı cəlb olunub. Yarışın proqramına salınan çəki dərəcələrindən əlavə, orada olan yerli idmançılar da bizə kömək edir, məşqlərə qoşulur.
- Xarici ölkə idmançıları ilə birgə təlim-məşq toplanışı olacaq?
- Xeyr, elə planımız yoxdur.
- Son illərədək qadın samboçular yarışlarda iştirak etmirdi...
- Bəli, Oyunların proqramında qadınlar da olduğu üçün cüdo və başqa idman növü ilə məşğul olan idmançılar cəlb etmişik. Qadınlarda bu idman növlərinə maraq çox azdır. Bu səbəbdən bizim üçün də çətindir.
- Ümumilikdə Avropa Oyunlarında sambo üzrə 8 dəst medal olacaq. Bunlardan neçəsini qazanmaq mümkündür və nə qədər medalı uğur hesab etmək olar?
- Ümidimiz var ki, medal qazanacağıq. 57 kq-da İslam Qasımov Avropa və dünya çempionu olub. 74 kq çəkidə Amil Qasımov da eyni nəticəni göstərib. İdmançıların hamısına ümidimiz var. Kim istəməz ki, medal qazansın? Hər bir çəkidə medal qazansaq, bundan böyük uğur olmaz. Amma arzu edərdim ki, heç olmasa hər çəkidə bir qızıl medal qazanaq.
- Sambo yarışında neçə ölkənin iştirakı gözlənilir?
- Dəqiq deyə bilməyəcəm, amma təxminən 40-a yaxın ölkədir.
- Bu idman növü üzrə yarışlar niyə bir gündə keçiriləcək?
- Bizdə 8 çəkidir. Həm də 3 döşək olduğundan 1 günə yekunlaşdırmaq mümkündür. Ümumilikdə 70-dən artıq idmançı olacaq. Biz təşkilatçı ölkə olduğumuz üçün bütün çəkidə təmsil olunacağıq. Ancaq elə ölkə var ki, heç bir çəkiyə düşməyib.
- Test yarışları keçirməyi düşünürsünüz?
- Aprel ayında olmalıdır. Ayın 24-də Rusiyanın Moskva şəhərində turnir olacaq. İdmançılarımızın hamısını orada bir daha yoxlayacağıq.
- Azərbayanın təşkilatçı ölkə olması idmançılar üçün nə kimi üstünlük qazandırır?
- Üstünlük odur ki, idmançılar öz evində yarışır. Azarkeşlər olur, düzgün istiqamət verilir.
- Əvvəllər sambo dünya miqyasında əhəmiyyətli idman növü kimi tanınmırdı. Bu idman növünün Oyunların proqramına salınması samboya yönələn diqqəti göstərir. Necə düşünürsünüz, artıq maddi-texniki bazanı da gücləndirmək lazımdır?
- Bugünkü gündə klublarımız var. Ötən il sambo üzrə dünya çempionatında 82 ölkə iştirak edib. Bu da inkişafdan xəbər verir. İstəyərik ki, sambo da Olimpiya idman növü olsun.
- Ermənistan idmançıları da yarışlarda zəif çıxış etmirlər. Bununla bağlı hansısa təhlükə gözlənilir?
- Xeyr, bizim idmançılardan yaxşı çıxış etmirlər. Ötən il dünya çempionatında 5-ci yeri tutduq. Avropa ölkələri arasında isə üçüncü olduq. Bu da adi nəticə deyil. Bizim üçün ən əsas yarış Avropa Oyunlarıdır və bu baxımdan çox ciddi hazırlaşırıq.