Bakı. 21 fevral. REPORT.AZ/ Rusiya Voleybol Federasiyası (RVF) Bakıda keçiriləcək I Avropa Oyunlarında yığma komandaya rəhbərlik etmək üçün yeni məşqçilərini təsdiqləyib.
"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, kişilərdən ibarət komandaya Sergey Şlyapnikov, qadınlara isə Vadim Pankov rəhbərlik edəcək.
Məsələ ilə bağlı açıqlama verən federasiyanın baş katibi Aleksandr Yaremenko I Avropa Oyunlarında hər iki komandada güclü heyətlə təmsil olunmaq üçün bu cür addım atdıqlarını deyib.
Qeyd edək ki, Sergey Şlyapnikov yeniyetmələrlə və gənclər arasında keçirilən voleybol çempionatlarında dəfələrlə qalib olub. Vadim Pankov isə Rusiyanın "Zareçya" voleybol klubunun baş məşqçisidir. Onun komandası 2 dəfə ölkə birincisi olub və 6 mövsüm ölkə kubokunu başı üzərinə qaldırıb. Pankovun rəhbərlik etdiyi komanda 2007/2008 mövsümündə voleybol üzrə keçirilən Çempionlar Liqasının finalçısı olub.