Bakı. 31 mart. REPORT.AZ/ Böyük Britaniya şirkəti "RD Health & Safety" (RDHS) 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunları zamanı göstərdiyi fəaliyyətə görə təhlükəsizlik üzrə beynəlxalq mükafata layiq görülüb.
"Report" Britaniya KİV-inə istinadən xəbər verir ki, "RDHS Management Consultants" şirkəti başqa bir Britaniya şirkəti "Harrier UK" ilə əməkdaşlıq şəklində fəaliyyət göstərərək 68 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunun keçirilən açılış və bağlanış mərasimlərində təhlükəsizliyə cavabdehlik daşıyıb.
Mükafat bu ilin may ayında Londonda keçiriləcək qala-mərasimdə təqdim olunacaq.
Xatırladaq ki, ilk Avropa Oyunları dünyanın müxtəlif ölkələrindən 6 min atletin iştirakıyla 12-28 iyun tarixlərində Azərbaycanın paytaxtında keçirilib. Yekunda medal sıralamasında Rusiya birinci, ev sahibi Azərbaycan isə ikinci olub.