Bakı. 29 may. REPORT.AZ/ "
Avropanın 36 ölkəsinin idmançıları triatlon yarışlarında iştirak edəcək. 3 mərhələdən ibarət olan triatlon yarışının birinci hissəsində iştirakçılar suda qüvvəsini sınayacaq. İlk olaraq triatlonçular 1.5 km məsafə üzməli olacaqlar.
Suda üzdükdən sonra yarışçılar velosipedlə hərəkət edəcəklər. 14 km məsafəni iki təkərli nəqliyyatla qət edəcək iştirakçılar ən sonda ayaqlarını işə salmalı olacaqlar. İdmançılar 3-cü mərhələdə 10 km məsafəni qaçaraq başa vuracaqlar.
İdman obyekti haqqında məlumat verən menecer Lukas Mayts hazırda ərazidə son tamamlanma işlərinin aparıldığını bildirib. Onun sözlərinə görə, triatlon yarışlarında 36 ölkədən ümumilikdə 120 idmançı iştirak edəcək: "Demək olar ki, idman məkanı yarışları qəbul etməyə hazırdır. Oyunlara 2 həftə vaxt qalıb və bu bizim üçün ən ağır vaxt hesab olunur. Çünki sona yaxınlaşdıqca işlər daha da gərginləşir. Buna baxmayaraq, yaxın bir neçə gündə çimərlik yarışları üçün tam hazır vəziyyətə gətiriləcək. Çimərlikdə qum və suyun daşlardan təmizlənməsi prosesi də yekunlaşır. 60 qadın və 60 kişi triatlonçu olacaq".
L.Mayts yarış zamanı idman obyektinin ətrafında olan özəl istirahət mərkəzlərinin, otellərin fəaliyyətlərini davam etdirəcəyini bildirib. Çimərlik ərazisində avtomobilləri saxlamaq üçün dayanacaq da ayrılıb. Media nümayəndələrinin yarışları izləməsi üçün tribuna quraşdırılır. Yarış məsafəsi böyük olduğundan tamaşaçıların izləməsi üçün monitor da quraşdırılacaq. Bundan başqa, yarışları izləyənlər xüsusi ayrılmış yerlərdən ödənişli içkilər və yüngül yeməklər əldə edə biləcəklər. Yarış zolağının üstündə tamaşaçıların yerlərini dəyişmələri üçün keçid quraşdırılıb. Üstəlik, təşkilatçılar əlil insanları da yaddan çıxarmayıblar. Onlar üçün xüsusi yerlər ayrılacaq və digərlərindən fərqli olaraq bu qrupa daxil olanlar keçiddən deyil, elə yarış gedən ərazidə yerlərini dəyişə biləcəklər.
Menecer bildirib ki, yarışlarda ən güclü idmançılar iştirak edəcək və bu siyahıya Rusiya, Slovakiya, İngiltərə daxildir. Triatlon yarışlarında qızıl medalın sahibləri 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına da vəsiqə qazanmış olacaqlar.
Qeyd edək ki, Bilgəh çimərliyində triatlon yarışları 13, 14, zamana qarşı fərdi velosiped yarışları isə 18 iyunda keçiriləcək.