Bakı. 23 iyun. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax Olimpiya Günü münasibətilə bəyanat yayıb. "Report"un məlumatına görə, bəyanatda T.Baxın Olimpiya Günü bayramına qoşulanlara təşəkkürü yer alıb.
Bəyanatda bildirilir ki, dünyanın hər bir tərəfində bütün insanlar Olimpiya Hərəkatının yaranmasını qeyd edir və bununla Olimpiya dəyərlərinin əsasında duran birliyi və idman sevincini paylaşırlar.
Müraciətdə Olimpiya Gününün yaşından və idman qabiliyyətindən asılı olmayaraq, hər kəsə aid olduğu bildirilir. Sonda T.Baxın Olimpiya Günü münasibətilə tədbirə qatılan hər kəsə minnətdar olduğu qeyd edilib.
Qeyd edək ki, İOC-un 1948-ci ilin yanvarında İsveçrənin Sankt Morits şəhərində keçirilmiş 42-ci sessiyasında Olimpiya Gününün keçirilməsi haqqında qərar qəbul olunub. Sessiya Olimpiya Günü bayramını iyunun 17-dən 24-dək olan müddətdə qeyd etməyi məqsədəuyğun sayıb və bu tarixin seçilməsinin səbəbi Beynəlxalq Olimpiya Komitəsinin iyunun 23-də yaradılması olub. I Olimpiya Günü 1948-ci il iyunun 23-də dünyanın 9 ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub.