Bakı. 30 iyun. REPORT.AZ/ "Birinci Avropa Oyunları yüksək səviyyədə keçib. Təşkilata gəldikdə isə hər bir struktur, hər bir bölmə qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib. Mən Olimpiya oyunları və Universiadalarda olmuşam, buna görə də müqayisələr apara bilərəm".
Bu barədə "Report"a Belarus MOK baş katibinin müavini Dmitri Dovqalenok bildirib.
Belarus idmançılarının yarışlarını şərh edən D.Dovqalenok qeyd edib ki, onlar layiqli çıxış etdilər: "Əlbəttə, elə idman növləri var idi ki, biz medalların bir addımlığında mübarizəni dayandırdıq. Lakin hələ hər şey qabaqdadır. Hesab edirəm ki, nümayəndə heyətimizin qazandığı 43 medal və tutduğu 7-ci yer uğurlu nəticədir. İstənilən halda bəzi məqamların üzərində işləməliyik. Elə idman növləri var idi ki, biz orada tam gücümüzü göstərə bilmədik".
D.Dovqalenok vurğulayıb ki, Avropa Oyunları idmançılar üçün qarşıdakı Olimpiya oyunlarına hazırlıq baxımından yaxşı məşq oldu: "Nümayəndə heyətimiz bura gələndə bütün idmançılar bildirdilər ki, yaxşı ki, bütün Avropa toplaşaraq, bu oyunları keçirməyə başladı, çünki Olimpiya oyunlarına 1 il qalmış bu yaxşı fürsətdir. Bu çox müsbət haldır".
Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirən Belarus MOK-nun rəsmisi qeyd edib ki, onlar yüksək səviyyədə olduqlarını təsdiqlədirlər: "Düşünürəm ki, ölkənizin rəhbərliyi onların çıxışlarından razı qalıblar. İdmançılar öz idman növləri üzrə dünya çempionatlarında çıxış edəndə, onların qazandığı medallar və tutduğu yerlər nəzərə çarpmır, komanda oyunlarında çıxış edəndə isə bütün ölkə onları izləyir və bütün Azərbaycan xalqı onların nə qədər güclü komandası olduğunun görür".
Belarus MOK-nun baş katibinin müavini Avropa Oyunlarının perspektivi və onların Belarusda keçirilmə ehtimalına dair fikirlərini də açıqlayıb: "Məndə belə bir məlumat var. Amma hazırda həmin məsələ müzakirə olunur".