Belarus Milli Rəssamlıq Muzeyində idman və olimpiya sərgisi keçirilib.
"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbirdə muzey rəhbərliyi qonaqları salamlayaraq 90-dək rəsm əsərinin nümayiş etdirildiyini bildirib.
Daha sonra media nümayəndələrinə muzeylə bağlı məlumatlar verilib. Tədbir "Minsk 2019" II Avropa Oyunlarına yollanan jurnalistlərin media turu çərçivəsində keçirilib. Burada Belarus idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən 1960 - 1980-ci illərdə SSRİ yığmasının tərkibində olduğu vaxt göstərdikləri nailliyyətlər əksini tapıb.
Eyni zamanda olimpiya hərəkatı və idmandan bəhs edən rəsm əsərləri nümayiş etdirilib. Rəsm əsərləri qonaqların marağına səbəb olub. Son olaraq Belarus milli mətbəxi qonaqlara dequstasiya üçün təqdim olunub.
Qeyd edək ki, bu gün start götürən II Avropa Oyunları iyunun 30-dək keçiriləcək.