"Şəhərin gündəlik nəqliyyat həyatını pozmayacağıq"
"Rusiya, və Britaniyanın yayım şirkətləri ilə saziş yaxın həftələrdə imzalanacaq"
Bakı. 18 aprel. REPORT.AZ/ "
- Avropa Oyunlarına 60 gündən də az vaxt qalıb. Hazırlıq mərhələsi hansı səviyyədədir və bugünədək görülən işləri necə dəyərləndirirsiniz?
- Hazırkı mərhələ ilə hazırkı nəticələrdən olduqca şadam. Unutmamalıyıq ki, Oyunların başlanmasına dediyiniz kimi, 60 gündən az vaxt qalıb. Lakin istənilən halda Bakının qarşısında çağırış, əsas məqsəd ondan ibarətdir ki, Olimpiya miqyaslı oyunların keçirilməsi ilə bağlı təşkilatçı ölkələrə verilən 7 illik müddəti biz 30 ay ərzində ərsəyə gətirməliyik. Bu, qarşımızda olan əsas məsələ idi. Ona görə də qalan günlərin hər biri bizim üçün çox önəmlidir. Bu günlərin hər birində həqiqətən də işimizin öhdəsindən layiqincə gəlməyə, mövqeyimizin sərbəst və möhkəm olmasına inanmalıyıq.
- BEGOC-un baş ofisi şəhərin mərkəzində olduğu üçün tez-tez tıxacların şahidi olmusunuz. Oyunlar zamanı tıxac probleminin aradan qaldırılması üçün hansı tədbirlər görüləcək?
- İlk olaraq demək istərdim ki, şəhərin şimal istiqamətində yeni yol istismara verilib. Bu yolun istismara verilməsi şəhərin mərkəzinə axınının gərginliyini bir qədər aradan qaldırıb. Bunu yəqin ki, özünüz də hiss edirsiniz. İkinci məsələni xüsusilə vurğulamaq istərdim ki, Oyunlar zamanı şəhərdə yerləşdirilən idmançılar, nümayəndə heyətlərinin əksəriyyəti həmin yoldan istifadə edərək idman obyektlərinə, infrastrukturlarına gedəcəklər. Zənnimcə, bunun vasitəsilə şəhərin gündəlik nəqliyyat həyatını da pozmayacağıq.
- Görülən işləri yüksək qiymətləndirdiniz. Amma bunlara beynəlxalq mediada birmənalı yanaşılmır. Xüsusən Britaniya mediasında tənqidlərlə rastlaşırıq. Özünüz də britaniyalı olduğunuz üçün bəlkə bu məsələnin nə ilə bağlı olduğunu izah edə bilərsiniz?
- Belə hadisələrlə şəxsən özüm də rastlaşmışam və öz təcrübəmdə də bunları yaşamışam. 2012-ci il London Yay Olimpiya Oyunlarında da belə hallar var idi, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına hazırlıq mərhələsində iştirak etmişəm və orada da bunlarla üzləşmişəm. Bir çox halda KİV-ə gəldikdə, onlar belə möhtəşəm, beynəlxalq səviyyəli oyunların keçirilməsi ilə bağlı müvafiq ölkənin ayrı-ayrı xüsusiyyətlərini, amillərini ön plana çıxarırlar və bir çox halda gördükləri işlər belə miqyaslı Oyunların hazırlığı ilə bağlı görülən işlərdən bir qədər kənarda qalır. Afina-2004, Pekin-2008, London-2012, Soçi-2014 olimpiadalarında da Oyunlara hazırlıq mərhələsi ilə bağlı təşkilatçı ölkənin mənfi xüsusiyyətlərini KİV-lər ön plana çıxarmışdılar. Azərbaycana gəldikdə, Oyunların keçirilməsində bir məsələ barizdir. İnsanlar özləri gələcəklər, gənc, surətlə inkişaf etməkdə olan bir ölkənin özləri şahidi olacaqlar və əminəm ki, sonra öz fikirlərini və ölkə ilə bağlı rəylərini də dəyişəcəklər. Şəxsən özüm bu təcrübəni yaşadım: Bu ölkəyə gəldim, tanış oldum və ölkə ilə bağlı fikir və mövqeyimi tam şəkildə dəyişdim.
- Bugünədək 57 ölkə ilə yayım müqaviləsi imzalanıb. Amma nə Böyük Britaniya, nə də Rusiya telekanalları ilə yayım müqaviləsi imzalanmayıb...
- Əslində, bu ölkələrdən olan yayım şirkətləri Bakıda keçiriləcək Avropa Oyunlarına maraq göstəriblər. Onlarla hazırda müzakirələr də aparılır. Tam əminliklə deyə bilərəm ki, qarşıdan gələn bir neçə həftə ərzində həmin sazişi tam şəkildə tamamlayacaq və ictimaiyyətə rəsmən açıqlayacağıq. Sadəcə, bəzi məqamlar, şərtləri var ki, hazırda onların razılaşdırılma mərhələsindəyik. İstər Rusiya, istərsə də Britaniyanın yayım şirkətləri ilə saziş yaxın həftələrdə imzalanacaq.
- Hazırda bu ölkələrin bir, yoxsa bir neçə telekanalı ilə danışıq aparırsınız?
- Hər ölkədən eksklüziv yayım hüquqları yalnız bir yayım şirkətinə verilir. Amma bir-iki ölkə var ki, onların ikinci yayım şirkəti də bu hüququ alacaq. Əslinə qalsa, hər hansı ölkədən danışırıqsa, onlardan bir neçə yayım şirkəti ilə bilavasitə əlaqə saxlayırıq və müzakirələr ərəfəsində çalışırıq ki, danışıqları özümüz üçün ən yaxşı şərtləri əldə edə biləcəyimiz məcraya yönəldək. Yəni, həmin yayım şirkətləri arasında rəqabət mühiti yaratmaq istəyirik. Görək onlar nəyə razılaşırlar və bizə təklif etdikləri şərtlərin hansı daha münasibdir. Bundan sonra artıq bir eksklüziv yayım şirkətini seçirik və onunla da müqaviləni imzalayırıq.
- İndi dediyiniz şirkətlərlə bərabər təxminən 60 telekanal olacaq. Yayım üçün biz onlara pul ödəyirik, yoxsa onlar bizə?
- Xeyr, yayım hüququnun verilməsi ilə bağlı müqavilələr heç də pulsuz başa gəlmir. Çünki yayım hüququnun əldə edilməsi müqabilində onlar məbləğ ödəyirlər. Yəni, qarşı tərəf pul ödəyir.
- Yeni layihə olduğundan, Avropa Oyunlarının təbliğata ehtiyacı var. Elə olurmu ki, yayım şirkətləri yayımlamaqda maraqlı olmadıqlarını və ya təmənnasız yayımlamayacaqlarını bildirsinlər?
- Danışıqların aparılmasına dair strategiyamızla bağlı təfərrüatlara varmayacağam və bunu sizə açıqlamayacağam. Yalnız onu demək istərdim ki, danışıqlar nəticəsində gözlənilməyən, olduqca yüksək nailiyyətlər əldə etmişik. Zənnimcə bu, fenomenal nailiyyətdir. Özünüz baxın: ilk dəfə Avropa Oyunları keçirilir. Bu Oyunların keçirilməsi ilə bağlı hər hansı tarix hələ yazılmayıb. Müqayisə ediləcək hansısa bir rəqəm yoxdur. Belə düşünün ki, bazara tam ağ vərəqlə çıxırsınız. Sadəcə olaraq, insanlara məlumatı açıqlayırsınız. Belə bir şəraitdə bizə inandılar. Səbəbini də deyim. Baxın, söhbət təkcə Avropada olan yayım şirkətlərindən getmir. Biz, həmçinin Yaxın Şərq, Şimali Amerika, Çin, Yaponiya və Hindistan kimi ölkələrdən olan yayım şirkətləri ilə belə bir müqavilələri imzalamışıq. Bu da göz qabağında olan bariz nəticədir. 2019-cu ildə II Avropa Oyunları keçirildikdə, o Oyunlar üçün növbəti Təşkilat Komitəsinin əlində yetərincə nəticə və məlumat olacaq. Çünki bu zəmini məhz Bakıda keçiriləcək ilk Avropa Oyunları yaradacaq. Onlar artıq yayım şirkətlərinə müraciət etdikdə Bakıdakı nəticələrə istinad edəcəklər, bu uğurdan yararlanacaqlar.
- Bu günlərdə Birləşmiş Avropa Çempionatının (United European Championship) yaradılmasına qərar verildi. Orada atletika, su idman növləri, avarçəkmə, velosiped idmanı və triatlon təmsil olunur. Bundan sonra bəzi mətbu orqanlarda belə yazılar dərc olundu ki, guya bu, Avropa Oyunlarının alternatividir. Doğrudanmı belədir və Birləşmiş Avropa çempionatı nə dərəcədə ciddi layihədir?
- Ötən həftəsonu Sveyn Arne Hemsın Avropa Atletika Federasiyasının prezidenti seçildikdən sonra birmənalı bəyanat verdi. Dedi ki, atletika olduqca vacib idman növüdür və 2019-cu ildə keçiriləcək Avropa Oyunlarında tam miqyasda təmsil olunacaq. Bu, bilavasitə onun açıqladığı bəyanatdır. İkinci məsələyə gəldikdə, xüsusi bir amili unutmayaq. Burada Birləşmiş Avropa çempionluğundan danışılır. Bu çempionat əslində, 2018-ci ildə, növbəti Avropa Oyunları isə 2019-cu ildə keçiriləcək. Avropa Oyunlarının Birləşmiş Avropa Çempionatından fərqi nədən ibarətdir? Avropa Oyunları keçirilirsə, o zaman Olimpiya Oyunlarına lisenziya qazanıla bilər. Yəni, burada keçid mərhələsindən söhbət gedir. Amma Birləşmiş Avropa Çempionatına belə bir hüquq verilmir. Tomas Baxın gözəl sözü var və bu, 2020-ci illə bağlıdır. O xüsusi vurğulamışdı ki, qitəmiqyaslı yarışlar keçirilirsə (Avropa Oyunları, Panamerika Oyunları və s.), Yay Olimpiya Oyunlarında iştirak hüququnun qazanılması imkanı məhz bu kontinental oyunlardan keçəcək. Ancaq Birləşmiş Avropa Çempionatında belə bir hüququn verilməsi nəzərdə tutulmayıb. Ona görə də Avropa Oyunlarının Birləşmiş Avropa Çempionatından əsas fərqi məhz budur.
- Müxtəlif idman növləri var ki, həmin növlər üzrə hər il Avropa, dünya çempionatları keçirilir. Bu da həmin idman növünün nüfuzuna təsir edir. Amma məsələn, futbolda qitə və dünya çempionatları 4 ildən bir keçirilir. Bu baxımdan necə düşünürsünüz, Avropa Oyunları həmin idman növlərini bir az sıxışdırıb Avropa və dünya çempionatının hər il keçirilmə planlarına yenidən baxmağa sövq edə bilərmi? Olmazdımı ki, bu Avropa çempionatını yığmalar səviyyəsində 4 ildənbir, klublar səviyyəsində isə hər il keçirsinlər? Məsələn, futbolda Çempionlar Liqası, Avropa Liqası olduğu kimi...
- Bir şeyi demək istərdim ki, burada söhbət 50 Avropa ölkəsindən gedir. Bu ölkələrin hər birində təmsil olunan idman növlərinin hər biri klub səviyyəsində deyil. İkincisi, əgər siz belə bir yüksək səviyyəli mötəbər idman yarışından danışırsınızsa, onun səviyyəsini qaldırmalısınız ki, burada kommersiya yönümlü sponsorlar olsun, beynəlxalq yayım şirkətləri bu yarışa, böyük idman mərasiminə diqqət versinlər. Gəlin, digər məsələni də yoxlayaq. 2012-ci ilin dekabrında Bakıya ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı rəsmən hüquq verildi. O zaman gündəmdə heç bir idman növü yox idi. Amma hazırda keçirilən Oyunlarda 20 idman növü təmsil olunur. Daha 7 idman növünü isə gündəmdən çıxartmaq məcburiyyətində qaldıq. 20 idman növü üzrə beynəlxalq federasiyaların özləri bizə dedilər ki, Avropa Oyunlarında təmsil olunmaq istəyirlər.
- 7 növü niyə qəbul edə bilmədiniz?
- Əlavə götürə bilmirdik. Çünki ilkin olaraq bizə dedilər ki, gündəmdə 12 idman növü olacaq. Hazırda isə 20-dir və bu rəqəm 12-dən çoxdur. Hazırda kimə imtina etmişik sualına da tam aydınlıq gətirmək istəməzdim. Çünki həmin idman növünün nüfuzunu aşağı salmaq istəmirəm. Bu məlumatı açıqlamaqla onlara hər hansı yardım və ya pulsuz xidmət göstərmiş olacağam.
- Avropa Oyunlarının perspektivini necə görürsünüz?
- Məhz Bakıda keçiriləcək ilk Avropa Oyunları qarşıdakı Oyunlar üçün olduqca ecazkar bir gələcəyi təmin edir. Özünüz baxın: 2019-cu ildə növbəti Avropa Oyunları keçiriləcək və burada artıq məcburi qaydada bəzi idman növləri olacaq. Çünki o növlərin məcburi qaydada proqrama salınması onlarla bağlı olimpiadalara lisenziya və ya iştirak hüququnun qazanılması ilə bağlı böyük bir hüquq verəcək. Bakıda keçiriləcək bu yarış bilavasitə, istər yarışın yayımlanması, istərsə də idmanın inkişafı baxımından Avropa Oyunları üçün çox gözəl və möhkəm zəmin yaradır. Bu, həm Rio-2016, həm də 2020-də keçiriləcək Oyunlarla bağlı idmançılara verilən şans və hüquqdur.